Xarici

ADU Özbəkistan universitetləri ilə əlaqələrini genişləndirir

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanovla görüşüb.

Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Bildirilib ki, rektor Kamal Abdulla ADU ilə Özbəkistan universitetləri arasında müxtəlif istiqamətli əlaqələrin əhatəsinin daha da genişlənəcəyinə inamını ifadə edib.

Görüşdə ADU-nun xarici dillərin tədrisi üzrə ixtisaslaşmış əsas mərkəz olduğu qeyd olunub. Kamal Abdulla universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin fəaliyyətinə də toxunub. O, daha sonra qonağa universitetin “Səfir saatı” layihəsi haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, ADU Özbəkistanın Daşkənd Dövlət Universiteti və Səmərqənd Dövlət Universiteti ilə əməkdaşlıq edir.

Bahrom Aşrafxanov diplomatik vəzifəyə təyinatından sonra elm və təhsil məsələlərinin onun üçün prioritet sahələr olduğunu deyib. Səfir əlavə edib ki, bu istiqamətdə xüsusən ADU ilə əlaqələri genişləndirməkdə maraqlıdır. Səmərqənd Dövlət Universitetində Nizami Gəncəvi Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən Bahrom Aşrafxanov ADU-da Özbək Dili və Mədəniyyəti Mərkəzinin açılması təklifini irəli sürüb.

Daha sonra digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, mart ayında iki ölkədən olan mütəxəssislərin iştirakı ilə müştərək onlayn konfransın keçirilməsi haqqında razılığa gəlinib.

Görüşdən sonra səfir ADU-da fəaliyyət göstərən Heydər Əliyev Lektoriyası, eləcə də dil və mədəniyyət mərkəzləri ilə tanış olub

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close