Xarici

2021-ci il üzrə Abel mükafatı laureatlarının adları açıqlandı

Norveç Elmlər və Ədəbiyyat Akademiyası riyaziyyat üzrə Abel mükafatını bu il macar alim Laslo Lovasa və israilli alim Avi Viqdersona təqdim edir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, builki mükafat nəzəri informatikaya və diskret riyaziyyata verilən sanballı töhfəyə və onların müasir riyaziyyatda mərkəzi sahəyə çevrilməsində aparıcı roluna görə müəyyən edilib.

Hər iki alim mürəkkəb hesablamalar nəzəriyyəsinə töhfələr veriblər. Riyaziyyatın bu sahəsi 1970-ci illərdən inkişaf etməyə başlayıb. Hazırda internet təhlükəsizliyinin nəzəri əsasına çevrilərək həm riyaziyyatın, həm də nəzəri informatikanın bölməsi kimi qəbul edilib.

Laslo Lovas Macarıstan Elmlər Akademiyası yanında Alfred Renyi İnstitutunda və Budapeşt Universitetində, Avi Viqderson Prinstonda (ABŞ) Perspektiv Tədqiqatlar İnstitutunda işləyir.

Sözügedən mükafat Norveç riyaziyyatçısı Nils Abelin (1802-1829) şərəfinə adlandırılır. O, elliptik funksiyalar nəzəriyyəsinin banisi olub. 2002-ci ildə alimin anadan olmasının 200 illiyi münasibətilə Norveç hökuməti Abel Fondunun və eyniadlı mükafatın təsis edilməsinə 200 milyon kron ayırıb. Bu mükafatın təsis olunmasında məqsəd təkcə riyaziyyat sahəsində elmi xidmətləri dəyərləndirmək deyil, həmçinin gənclər arasında bu elmin populyarlığının artmasına kömək etməkdir. İlk mükafat 2003-cü ildə verilib. Mükafatın məbləği 7,5 milyon krondur. Mükafatın təqdimetmə mərasimi yazın sonunda keçirilir. Ənənəyə görə, mükafatı laureata Norveç kralı təqdim edir.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close