Peşə məktəbi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlığını genişləndirir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdindəki Peşə Təhsil Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bakı Dövlət Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən peşə təhsil mərkəzləri əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili, əməkdaşların müvafiq sahələrdə bilik və bacarıqlarının artırılması, müxtəlif istiqamətlər üzrə tədris plan və proqramlarının (kurikulumların) hazırlanması, istehsalat təcrübəsinin keçirilməsi və təlimlərin təşkili sahələrində əməkdaşlıq edəcəklər.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdindəki Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, 2020-2021-ci tədris ilində fəaliyyətə başlayan mərkəz Sənaye Parkının ərazisində yaradılan ilk peşə təhsili müəssisəsidir və 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. 6 korpusdan ibarət və müasir maddi-texniki baza ilə təchiz olunmuş peşə təhsil mərkəzində 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq vardır.

Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində fəaliyyət göstərən yüksəkixtisaslı mütəxəssislər tədris-təcrübə prosesinə cəlb edilib. Bu isə təcrübi dərslərin Sənaye Parkının müəssisələrində keçirilməsinə, mütəxəssislərin öz iş yerlərini tərk etmədən daha səmərəli tədris aparmasına, eləcə də tələbələrin bilavasitə istehsalat sahəsində təcrübə keçərək lazımi praktik biliklərə yiyələnməsinə imkan yaradır.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close