Peşə məktəbi

Gəncləri peşə təhsilinə necə təşviq edək…

Bu gün hər bir dövlətin və qurumun qarşısında duran ən mühüm vəzifələrdən biri müxtəlif peşə sahələri üzrə peşəkar mütəxəssislərin yetişdirilməsidir. Yeni müəssisələr yarandıqca, həmin qurumlarda çalışacaq peşəkar mütəxəssislərə tələb daha da artır. Son illər müxtəlif istiqamətlər üzrə mütəxəssilərin yetişdirilməsi ilə bağlı həm dünyada həm də ölkəmizdə müəyyən addımlar atılsa da, görüləsi işlər hələ çoxdur. Gənclərin müxtəlif peşələrə maraqlarının artırılması, onların peşəkar mütəxəssis kimi yetişdirilməsi istiqamətində səylər daha da gücləndirilməlidir.


Öncə qeyd edək ki, müasir dövrdə gənclərin peşə təhsilinə yönəlməsində bir sıra amillər ciddi rol oynayır. Bu gün valideynlərin bir qismi övladlarının peşə təhsilinə marağını nəzərə almadan onları ali təhsil almağa məcbur edirlər. Məsələn, hansısa gənc konkret bir peşəyə yiyələnmək istəyir. Bu peşə çilingər, qaynaqçı, dərzi və s. ola bilər. Həmin gəncin ali təhsilə marağı yoxdur. Valideyn isə övladını məcbur edir ki, mütləq ali təhsil alsın, əlində diplomu olsun. Bir çox hallarda sonda valideyn istəyən olur. Beləliklə, müəyyən peşə sahəsinə marağı və istəyi olan gənc valideynlərinin təkidi ilə ali məktəblərə imtahan verməyə məcbur edilir. Övlad sevmədiyi və özünü görmədiyi sahə üzrə ali təhsilə başlayır və 4 il təhsil alır. Yekunda isə həmin sahə üzrə peşəkar mütəxəssis kimi yetişə bilmir. Çünki onun  ixtisasına marağı yoxdur, o ixtisas üzrə ali təhsil almağa onu valideynləri məcbur edib, o isə özünü həmin sahədə görmür. 


Ona görə mümkün qədər valideynlər övladlarının ixtisas və peşə seçiminə həssas yanaşmalıdırlar. Bu o mənaya gəlmir ki, valideyn övladından oxumağı tələb etməməli, ona tam sərbəstlik verməlidir. Hər bir valideynin övladını bilikli və ali təhsilli görmək arzusu təbiidir. Ancaq valideynlər yuxarıda qeyd etdiyimiz reallıqları da mütləq nəzərə almalıdırlar.


Təssüf ki, bəzi valideynlərdə belə bir yanlş fikir formalaşıb ki, orta məktəbi bitirən hər bir gənc mütləq ali təhsil almalıdır. Biz bu stereotipləri qırmalıyıq, həmin gənclərə dəstək olmaq üçün müəyyən mexanizm hazırlanmalı, cəmiyyətdə peşə təhsilinin vacibliyi barədə geniş təbliğat işləri aparılmalıdır. Həmçinin, orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri və əhəmiyyəti barədə ətraflı məlumatlar verilməli, onlara ilkin bilik və bacarıqlar aşılanmalıdır. Xüsusilə regionlarda qızların peşə təhsilinə marağının artırılması, onların peşə təhsilinə cəlb edilərək gələcədə madddi durumlarını sığortalamaq üçün böyük  əhəmiyyət daşıyır.

 
Müasir dövrün digər bir reallığı ondan ibarətdir ki, bu gün bəzi peşə sahibləri çalışdıqları sahələrdə heç də ali təhsilli mütəxəssislərdən az məvacib almırlar. Digər bir məsələ bir sıra peşələr üzrə mütəxəssislərin azlığının müşahidə edilməsidir. Bu problem ayrı-ayrı sahələrdə tez-tez müşahidə olunmaqdadır.


Dəyərli valideynlər! Çalışın, mümkün qədər övladlarınızın ixtisas seçiminə hörmətlə yanaşın, onlar öz gələcəklərini ali təhsildə görmürlərsə, onları buna məcbur etməyin. Əgər övladlarınızın hansısa yaxşı peşəyə maraqları varsa, onların həmin peşə üzrə təkminləşərək inkişaf etməyinə dəstək olun

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close