Orta məktəb

Tədris əyani, yoxsa onlayn olsun?

Növbəti tədris ilinin başlamasına cəmi bir həftə qalır. Məlum olduğu kimi, koronavirus pandemiyası ilə bağlı budəfəki tədris ili əvvəlkilərdən fərqlənir, çünki dərsə getmək vacib olmayacaq. Daha doğrusu, şagirdlərin ənənəvi şəkildə dərsə getmələri, yoxsa onlayn formada evdə dərs keçmələrinə dair qərar vermək valideynlərin seçiminə qalacaq.

Təhsil Nazirliyindən bildiriblər ki, övladını dərsə göndərmək istəməyən valideynlərlə imzalanacaq xüsusi müqaviləyə görə onlar şagirdin məsafəli tədris keçmələrinə məsuliyyəti öz üzərlərinə götürəcəklər. Çünki şagirdin dərsə getməsinə və ya onlayn formada tədris almasına baxmayaraq, məktəbin keçirdiyi sınaq tədbirlərində bilikləri eyni əsasla qiymətləndiriləcək.

Hazırda Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, nazirlikdə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris-təlim və tərbiyə işlərinin təşkili qaydaları üzərində işlər görülür. Biz də “Report” olaraq valideynlərin övladlarını dərsə göndərmək fikrində olub-olmamalarını və bu barədə qərarı hansı səbəbdən verdiklərini öyrənmək istədik.

Sorğumuzda iştirak edən valideynlərin 60 faizi övladlarını dərsə göndərmək istədiklərini, bunun üçün nə lazımdırsa tədarük gördüklərini bildiriblər. Məsələn, birinci sinif şagirdlərinin valideynlərinin fikrincə, erkən yaşda onlayn dərs keçmək məqsədəuyğun deyil, çünki uşaq məktəbə gedib tədris ab-havasına alışmalı, intizamı mənimsəməlidir. Daha yuxarı sinif şagirdlərinin isə valideynlərinin fikrincə, onsuz da hər il mövsümi olaraq tənəffüs yollarının xəstəlikləri baş qaldırdığından uşaq məktəbə getmədən də həyət-bacada yoluxub xəstələnə bilər. Odur ki, əsas məsələ uşağın immun sistemini gücləndirməkdir.

Bəzi valideynlər övladlarının evdəki məşğələlərinə nəzarət etmək üçün vaxtlarının olmamasını əsas gətiriblər. Həmçinin sürətli internet xidmətlərinin olmaması üzündən evdə onlayn dərs oxumağın müşkül olduğunu da söyləyənlər oldu.

Sorğumuzun iştirakçılarından ənənəvi tədris formatının əleyhdarı olan 30 faiz isə məktəblərdə sanitariya-gigiena qaydalarına lazımınca əməl edilmədiyini qeyd edirlər. Bəziləri isə həftədə iki dəfə dərsə getməyin faydası olmadığının qənaətindədirlər.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close