Orta məktəb

Respublika fənn olimpiadalarının informatika üzrə yarımfinal turu ADA Universitetində keçirilib

Fənn olimpiadalarının Respublika mərhələsinin informatika fənni üzrə yarımfinal turu keçirilib. Yarımfinal turu Bakı şəhəri üzrə ADA Universiteti və Bakı Mühəndislik Universitetindəki, region üzrə isə Quba rayonu və Naxçıvan Muxtar Respublikasındakı 4 mərkəzdə təşkil edilib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, informatika fənni üzrə yarımfinal turunda 160 şagird iştirak edib. Mövcud pandemiya şəraitinə uyğun olaraq təşkil edilən yarımfinal turunda VIII, IX, X və XI sinif şagirdləri müvafiq fənn üzrə biliklərini sınayıblar. Yarımfinalçılara 5 alqoritmik məsələ təqdim edilib. VIII-IX sinif şagirdləri sualları 4 saat, X və XI sinif şagirdləri isə 5 saat ərzində cavablandırıblar. Sonda 77 şagird növbəti mərhələyə keçid hüququ qazanıb.

Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

Qeyd edək ki, ADA Universiteti İnformasiya texnologiyaları və mühəndislik fakültəsini təsis etməklə bu sahədə gənc mühəndislər, proqramçılar yetişdirir, eləcə də beynəlxalq tədbir və konfranslara ev sahibliyi edir. Həmin tədbirlər sırasında 2019-cu ildə Bakıda keçirilmiş 31-ci Beynəlxalq İnformatika Olimpiadasını qeyd etmək olar. Həmin ildən etibarən universitet Beynəlxalq İnformatika Olimpiadasının qayda və standartlarına uyğun Milli İnformatika Olimpiadasının yarımfinal və finalına ev sahibliyi etməyə başlayıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close