Orta məktəb

Ötən il “Məktəblinin dostu” olmaq üçün 648 nəfər müraciət edib

2020-2021-ci tədris ilində “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi daha da genişləndirilib.

Nazirlikdən AZƏRTAC-dan bildirilib ki, hazırda layihə Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə icra olunur. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır.

2020-ci ildə “Məktəblinin dostu” olmaq üçün 648 nəfər müraciət edib. Onlardan 116 nəfəri müsahibə və təlim mərhələsindən uğurla keçərək işə götürülüb.

Pandemiya şəraitində ənənəvi təhsilin davam etdiyi dövrdə məktəblinin dostları tərəfindən ümumi təhsil müəssisələrində sosial məsafənin gözlənilməsi, hərarətin ölçülməsi, qaydaların düzgün tətbiq olunmasına nəzarət edilib. 226 məktəbdə “COVID-19” pandemiyası ilə bağlı mütəmadi maarifləndirmə işləri aparılıb.

2020-ci ildə 65 nəfər Bakı, 10 nəfər Sumqayıt, 49 nəfər regionda olmaqla, ümumilikdə 124 “Məktəblinin dostu” müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsində iştirak edib. 110 məktəblinin dostu “Yüksəliş” müsabiqəsinin təşkilinə töhfə verib.

Ötən il ərzində layihə çərçivəsində 156 şagirdə psixoloji dəstək göstərilib. 124 şagirdə psixoloji, 45 müəllimə isə “Burn-out” sindromu mövzusunda təlimlər keçirilib. 140 nəfərə fərdi psixokorreksiya və psixoloji konsultasiya xidməti göstərilib.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayından fəaliyyətə başlayan layihənin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir. “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsində, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close