Orta məktəb

Məktəb direktoru olmaq istəyənlər martın 19-da imtahan verəcəklər

Martın 19-da Bakı şəhəri daxil olmaqla, 11 bölgədə yerləşən 14 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, imtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun olaraq təşkil ediləcək.

Martın 6-da keçirilmiş sonuncu seansda imtahana qeydiyyatdan keçərək iştirak edə bilməyən, həmçinin 7 mart tarixi üzrə seanslara çağırılmış şəxslər imtahanlarda iştirak edə bilərlər. İmtahan qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunur. Namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları mütləqdir. İmtahan başlamazdan yarım saat əvvəl qeydiyyat başa çatacaq. Namizədlər imtahan keçiriləcək binaya tibbi maskada daxil olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər. Namizədlərdən şəxsi səhifələrində yerləşdirilən təlimatla tanış olmaları xahiş olunur.

Qeyd edək ki, dövlət ümumtəhsil müəssisələrinin direktoru vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən ediləcək.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close