Orta məktəb

Dərsliklərin təkmilləşdirilməsi üzrə Sinqapur şirkəti ilə əməkdaşlığa başlanılıb

Təhsil Nazirliyi Sinqapurun təhsil sahəsindəki nailiyyətlərini nəzərə alaraq, bu ölkənin “Alston” Nəşriyyat Evi ilə uzunmüddətli əməkdaşlığa başlayır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əməkdaşlığın məqsədi təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir. Layihə Təhsil İnstitutu tərəfindən icra olunacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” təsdiq olunub. Sənədə əsasən V sinifdə Təbiət fənninin tədrisi planlaşdırılır. Bu məqsədlə Sinqapur nəşriyyatı ilə birgə layihənin ilkin mərhələsində xarici mütəxəssislərin konsultasiyası əsasında ibtidai təhsil səviyyəsində təbiət elmlərinin tədrisi üzrə kurikulum, təlim və tədris materialları təhlil olunacaq. Həmçinin beynəlxalq təcrübə və XXI əsrin tələbləri araşdırılacaq, müvafiq tövsiyələrə əsasən yenilənmə işləri aparılacaq. Təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssisləri üçün distant təlimlər keçiriləcək.

Layihə çərçivəsində I-IV sinif Həyat bilgisi fənni üzrə təhsil proqramındakı təbiət elmlərinə dair məzmun standartları yenilənəcək və yeni V sinif Təbiət fənni üzrə məzmun standartları yazılacaq. Bununla yanaşı, Təbiət fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplekti hazırlanacaq.

Ümumi təhsil sahəsində aparılan beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsasən, Sinqapur dünya ölkələrinə liderlik edən ən yaxşı təhsil sistemlərindən birinə sahibdir. Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının (TIMSS – Trends in International Mathematics and Science Study) 2015-ci il hesabatına əsasən, Sinqapurun IV sinif şagirdləri təbiət elmləri üzrə ortalama 590 bal toplayaraq 47 ölkə arasında birinci yerə, VIII sinif şagirdləri isə ortalama 597 bal toplayaraq 39 ölkə arasında birinci yerə çıxıb. Eyni zamanda, Şagird Nailiyyətlərinin Beynəlxalq Qiy-mətləndirilməsi Proqramının (PISA – Programme for International Student Assessment) 2018-ci il hesabatına əsasən, təbiət elmləri üzrə Sinqapurun 15 yaşlı şagirdlərinin ortalama müvəffəqiyyəti 551 bal olub ki, bu da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzrə iştirakçı ölkələr arasında 2-ci yer deməkdir.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close