Orta məktəb

BP-nin çox faydalı təhsil layihəsi tamamlandı

Bu gün bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “PETRONAS”, “MOL”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “SGC”, “İTOCHU”, “ONGC”, “TOTAL”, “Eni” – Azərbaycanda yuxarı sinif şagirdləri üçün informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək məqsədli üçillik layihənin uğurla tamamlandığını elan etdilər. Bu layihə bp və tərəfdaşlarının təhsilin inkişafına və bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə dəstəyi çərçivəsində maliyyələşdirilib.

Layihənin məqsədi orta məktəblərin yuxarı sinif şagirdlərinə müasir və rəqabətədavamlı informatika bilikləri və bacarıqları aşılamaq və beləliklə, onların yeni qlobal informasiya iqtisadiyyatına inteqrasiyasına kömək etmək olub.

Bu layihə Təhsil Nazirliyi və Təhsil İnstitutunun əməkdaşlığı ilə 2017-ci ilin dekabr ayından həyata keçirilməyə başlanıb. Layihədə nəzərdə tutulmuş bütün iş həcmi uğurla yerinə yetirilib və nəticədə orta məktəblərin 10-cu və 11-ci sinif şagirdləri üçün informatika fənni üzrə beynəlxalq standartlara əsaslanan kurikulum hazırlanıb və tətbiq edilib, yeni kurikulumun tətbiqi üçün 10-cu və 11-ci siniflər üzrə yeni dərs və tədris vəsaitləri hazırlanıb, informatika fənninin tədrisinin keyfiyyətini artırmaq məqsədilə yuxarı sinif müəllimlərinə müvafiq təlimlər keçilib.

Layihə Bakıdan seçilmiş 25 orta məktəbin 50 müəllimini (hər məktəbdən 2 nəfər) əhatə edib və hazırda bu müəllimlər yeni kurikulumdan səmərəli istifadə edirlər. Müəllimlərin təlim proqramına ingilis dili və müasir dünyada informatika, informatikanın prinsipləri və informatika mövzuları kimi İT kursları daxil olub.

bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Bu, bizim Təhsil Nazirliyi ilə əməkdaşlıq şəraitində həyata keçirdiyimiz ən uğurlu təhsil layihələrindən biridir. Çox məmnunuq ki, hazırda Bakının 25 orta məktəbində yeni kurikulum, habelə yeni dərs və tədris vəsaitləri səmərəli şəkildə istifadə edilir və bununla da layihədə iştirak etmiş 50 müəllimin öz fəaliyyətini daha innovativ və müasir şəkildə həyata keçirməsinə imkan yaranır. Ümid edirik ki, seçilmiş 25 məktəbdə informatika fənninin tədrisinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi və uğurlu olması digər orta məktəbləri də yuxarı siniflərdə bu kurikulumdan və tədris materiallarından istifadə etməyə həvəsləndirəcək, bu da öz növbəsində beynəlxalq standartlara uyğun təhsil təcrübəsinin genişlənərək bütün ölkə boyu tətbiq edilməsi ilə nəticələnəcək. Mən təxminən 1000 nəfər yuxarı sinif şagirdinin faydalanacağı  bu layihədəki uğurlu əməkdaşlığa görə Təhsil Nazirliyinə, Təhsili İnstitutuna, Beynəlxalq Təlim və Layihə Mərkəzinə, müəllimlərə və layihəyə cəlb olunmuş bütün digər şəxslərə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, gələcəkdə layihədən faydalanan şagirdlərin sayı daha da artacaq.”

Azərbaycan Respublikasının təhsil nazirinin müavini Məhəbbət Vəliyeva: “Kompüter elmləri sahəsi dünyanın ən sürətlə böyüyən və ən yüksək gəlirli karyera cığırlarından biridir. bp və tərəfdaşları  ilə birgə icra olunan layihənin məqsədi şagirdlərin məktəb illərindən bu fürsətləri görmələrinə imkan yaratmaq və bu sahədə fərqli ixtisaslar seçmələrini təşviq etməkdir. Biz şagirdlərimizi təkcə qabaqcıl İKT texnologiyalarının istifadəçiləri kimi deyil, həm də onların yaradıcıları kimi görmək istəyirik. Elə bu məqsədlə də pilot layihə çərçivəsində məktəb şagirdlərinin məntiqi təfəkkürünü və problem həll etmə bacarığını inkişaf etdirən, onlara Python proqramlaşdırma dilinin dərinliklərini öyrədən təlim və tədris materialları hazırlamışıq.”

Layihənin ümumi dəyəri təxminən 800 000 AZN-dir. Layihənin icrası Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən həyata keçirilib.

Ötən 27 il ərzində bp və tərəfdaşları çox sayda iri sosial investisiya layihələrinə dəstək veriblər. Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.

2020-ci ilin birinci üç rübündə bp və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 2,6 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

Bundan əlavə, ilin birinci üç rübü ərzində təkcə bp ölkədə müxtəlif sosial layihələr çərçivəsində 4,1 milyon ABŞ dollarından çox sərmayə qoyub.

Buraya COVİD-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün ölkədə aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə bp-nin 3 milyon ABŞ dolları həcmində töhfəsi də daxildir. Bu vəsait xüsusi olaraq COVID-19-un diaqnostika və müalicəsi üçün ümumi, biokimyəvi və PCR laboratoriyaların  xaricdən alınması və ölkəyə gətirilməsi, onların TƏBİB-in tabeliyində olan Yeni Klinikada istifadəyə tam hazır vəziyyətdə quraşdırılması, 100000 ədəd koronavirus PCR test dəsti, bu testləri həyata keçirmək üçün bütün lazımı laborator sərfiyyat materialları və reagentlərin, həmçinin  xüsusi təhlükəli yoluxucu xəstələrin təxliyyəsi üçün nəzərdə tutulmuş  3 ədəd izolyasiya kapsulunun alınması və ölkəyə gətirilməsinə xərclənib.  Bu dəstəyin məqsədi ölkədə COVİD-19 hallarının effektiv diaqnozu və müalicəsi imkanlarını artırmağa və ümumilikdə ölkənin səhiyyə xidmətlərini gücləndirməyə yardım etməkdir. Bundan əlavə, ölkəyə bp-nin Azərbaycandakı əməkdaşları tərəfindən eyni məqsədlər üçün 100000 AZN-dən çox vəsait və bp Türkiyə tərəfindən TƏBİB-in təcili yardım maşınları üçün nəzərdə tutulmuş 10000 ABŞ dolları dəyərində “Castrol” sürtkü yağları da bağışlanıb.

Ümumilikdə, bp və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə təxminən 90 milyon ABŞ dollarından çox sərmayə qoymuşdur.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün Azərbaycanda bp şirkətinin www.bp.com/azerbaijan vebsaytına müraciət etmək olar.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close