Ali məktəb

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin sonuncu imtahanı keçirilib

Fevralın 6-da “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin idarəetmə bacarıqları üzrə imtahanı keçirilib. İmtahan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə 8 regionda təşkil olunmuş 18 imtahan mərkəzində aparılıb.

AZƏRTAC xəbər verir ki, əyani mərhələnin sonuncu idarəetmə bacarıqları üzrə imtahanının sual tərtibatı insan kapitalının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanır.

Xatırladaq ki, əyani mərhələnin birinci qabiliyyət üzrə yoxlama imtahanı 2020-ci il sentyabrın 12-də keçirilib. Bu mərhələyə qatılan 940 nəfərdən 728-i idarəetmə bacarıqları üzrə imtahanda iştirak etmək hüququ qazanıb. Son imtahanda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsinə – yarımfinala qatılacaq.

İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil edilib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close