Ali məktəb

Universitetlərdə onlayn təhsil: rayonlarda yaşayan tələbələrin problemləri var

Artıq 9 aydır ki, koronavirus (COVID-19) bəlası ilə üz-üzəyik. Bu səbəbdən ölkədəki orta və ali təhsil müəssisələrində tədris prosesi onlayn sistemə keçib. Müxtəlif proqramlar vasitəsi ilə həyata keçirilən dərslərin effektiv olmaması ilə bağlı cəmiyyətdə müxtəlif fikir ayrılıqları səsləndirilir.

Maraqlıdır, universitetlər tədris prosesini hansı proqramların vasitəsi ilə həyata keçirirlər? Tələbələr və universitet heyəti təlim-tədrisdən razıdılarmı?

AzEdu.az-ın məlumatına görə, Modern.az-ın əməkdaşı universitetlərlə əlaqə saxlayıb.

ADA universitetinin mətbuat katibi Şəbnəm Məhərrəmova bildirib ki, ADA universitetinin “BlackBoard” və “Bayner” proqramları mövcuddur. “BlackBoard”  sistemi vasitəsi ilə dərslər keçirilir:


“Bu sistem tələbələrə və müəllimlərə böyük rahatçılıq yaradır. Tələbələr də, müəllimlər də bu proqramdan çox razıdırlar. Rahatlıqla istifadə edə bildikləri üçün təəssüratları çox yaxşıdır. Universitet olaraq, dərslərdə neçə faiz tələbənin iştirak etməsi ilə bağlı sorğu keçirmişik və nəticə ürəkaçandır. Universitetdaxili sorğu göstərib ki, tələbələrin 85 faizi onlayn təhsili müsbət və ya qənaətbəxş hesab edib. Müxtəlif onlayn platformalar arasında tələbələrin 90 faizi, professor-müəllim heyətinin isə 65 faizi universitetin istifadə etdiyi “Blackboard Collaborate” platformasına üstünlük verir. Növbəti tədris ilindən etibarən təlim-tədrisin keyfiyyətini artırmaq məqsədilə əlavə rəqəmsal texnologiyalar istifadə olunacaq və onların açdığı imkanlardan istifadə edərək daha çox xarici müəllimlər cəlb olunacaqlar”.

Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) mətbuat katibi Bəhruz Nəzərov isə universitetdə dərslərin 100 faiz əhatə olunduğunu bildirib. O qeyd edib ki, tələbələrin dərslərə qoşulması ilə bağlı bəzi problemlər olur, universitet bu problemləri araşdırır və aradan qaldıracaq:

“Aydın məsələdir ki, ənənəvi təhsilin daha yaxşı effekti olur. Amma pandemiya, karantin ilə əlaqədar başqa variant yoxdur. Bizdə ötən tədris ilinin ikinci semestri ilə müqayisədə distant təhsil daha da təkmilləşdirilib və bu il daha yaxşı şəkildə təşkil olunub. Bizim yay ərzində imkanımız olub ki, onlayn tədris prosesini daha da təkmilləşdirək. Rayonlarda yaşayan tələbələrin internetlə bağlı problemi var, amma universitet bu problem üzərində işləyir. Artıq onların statistikası aparılıb və müəyyənləşdirilib ki, hansı formada onlara yardım ediləcək”.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərli qeyd edib ki, dərslər “Teams” proqramı ilə keçirilir:

“Hazırda davamiyyətdə heç bir problem yoxdur. Tələbələrin hər biri dərsə qoşulur və aktiv iştirak edirlər. Onlayn tədris əvvəlcə bir mərhələdə həyata keçirilib ona görə təcrübə var. İndi isə bu proses normal şəkildə həyata keçirilir.

İlk onlayn tədris vaxtlarında internetlə bağlı problemlər olurdu, ancaq indi bu cür problemlərlə çox üzləşmirik. Təbii ki, dərslər auditoriyada keçilsə daha yaxşı olar. Amma hazırda həm müəllimlər, həm də tələbələr bu şəraitdə işləməyə məcburdular”.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close