Ali məktəb

UNEC-də könüllülük fəaliyyəti uğurla aparılır

Bu gün 5 dekabr “Beynəlxalq Könüllülər Günü”dür. Bu münasibətlə universitetimizdə fəaliyyət göstərən “UNEC Könüllülər Təşkilatı”nın layihə rəhbəri və sədri Orxan Vəliyevlə müsahibəni oxuculara təqdim edirik:

– Könüllülük nədir?

– Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formasıdır.

– UNEC Könüllüləri Təşkilatının yaradılmasının əsas məqsədi nədir?

-UNEC Könüllüləri Təşkilatı  UNEC Elmi Şurasının 31.05.2020-ci il tarixli qərarı ilə yaradılmışdır. Təşkilatın yaradılmasında əsas məqsəd şəxsi inkişafa meyilli, istedadlı tələbələrlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, eləcə də tələbələrdə ilkin əmək vərdişlərinin formalaşması ilə bağlı tədbirlərin sistemli şəkildə həyata keçirilməsini təmin etməkdir.

– Tələbələr təşkilatınıza qoşulmaqla nə əldə edəcəklər?

– UNEC Könüllüləri Təşkilatına qoşulan tələbələr sadəcə universitetin tələbəsi deyil, eyni zamanda burada müəyyən vəzifə öhdəlikləri olan bir şəxs olacaqlar. Universitetimizin  müvafiq struktur bölmələrində təşkilatlanaraq təcrübə qazanacaq, boş vaxtlarını daha səmərəli istifadə edəcək, müxtəlif təlim, seminar və tədbirlərdə iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirəcəklər.

–  Tələbələrdə könüllü fəaliyyətə olan marağı necə qiymətləndirirsiz?

– Tələbələrimiz könüllü fəaliyyət göstərməyə çox maraqlıdır. Bunun sübutu olaraq könüllü fəaliyyət göstərmək üçün müraciətlərin sayının çoxluğunu göstərə bilərik. Tələbələrimiz davamlı olaraq könüllü fəaliyyət barədə təşkilatın sosial şəbəkə hesabları, rəsmi mail ünvanı və əlaqə nömrələri vasitəsilə məlumat alır, maraqlanır və qeydiyyatdan keçirlər.

– Hazırki karantin rejimində könüllülərin fəaliyyətini necə təşkil edirsiniz?

– Bildiyiniz kimi, mövcud şəraitə əsasən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkənin təhsil müəssisələrində təlim-tədris prosesinin yerində təşkil edilməsi müvəqqəti dayandırılmışdır. Lakin buna baxmayaraq, təşkilatln üzvləri  distant fəaliyyətlərə cəlb olunur və həmin fəaliyyətlərdə də öz aktivliklərini göstərirlər.

– Təşkilatınıza könüllü qəbulu necə həyata keçirilir?

– Tələbələrimiz könüllü fəaliyyət göstərmək üçün müvafiq müraciət formasını dolduraraq qeydiyyatdan keçirlər. Təşkilatımızın müvafiq sektorları tərəfindən müraciətlər dəyərləndirilir və dəyərləndirmə əsasında uğurlu namizədlər müsahibə mərhələsinə dəvət olunur. Müsahibə mərhələsini uğurla keçən könüllülərimiz isə təşkilata üzv olurlar.

– Bugünədək nə qədər tələbə qeydiyyatdan keçib?

– Artıq 200-ə qədər şəxs qeydiyyatdan keçib. Bir məqamı da qeyd etməliyəm ki, bu şəxslərin siyahısında UNEC tələbələri ilə yanaşı, universitet məzunları, digər universitetin tələbələri və yaşı 35-dən çox olan şəxslər də olub. Qaydalara müvafiq olaraq dəyərləndirmə əsasında müvafiq cavablar göndərilib.

– Nə qədər könüllü tərəfinizdən uğurlu hesab edilərək fəaliyyətlərə cəlb edilib?

– Müvafiq dəyərləndirmələr əsasında 100-dən çox könüllünün müraciəti dəyərləndirilib. Onlardan 72 nəfəri ilkin mərhələdən uğurla keçərək, müsahibəyə buraxılıb. Müsahibəsi tamamlanmış 34 nəfər isə uğurlu namizəd olaraq fəaliyyətə cəlb edilib, 38 nəfəri ehtiyat namizəd olaraq gözləmədədir. Hazırda qeydiyyat və dəyərləndirmə prosesi davam etməkdədir.

Onu da qeyd edim  ki, UNEC tələbələri digər sahələrdə olduğu kimi, könüllülük faliyyətində də daima öndə olublar. Ölkədə keçirilən beynəlxalq idman yarışlarında və digər könüllülük hərəkatlarında hər zaman aktiv fəaliyyətləri ilə seçiliblər.

UNEC Könüllüləri Təşkilatının və UNEC Rəqəmsal Könüllülər Təşkilatının yaradılması UNEC-in imza atdığı növbəti ilklərdəndir. Rəqəmsal Könüllülər hazırda distant təhsil zamanı tələbə, müəllim, eləcə də əməkdaşlara İKT sahəsində dəstəyin göstərilməsində yaxından iştirak edirlər.

5 dekabr “Beynəlxalq Könüllülər Günü” münasibəti ilə bütün könüllülərimizi təbrik edir fəaliyyətlərində uğurlar arzulayırıq.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close