Ali məktəb

Təhsil naziri videobağlantı vasitəsilə vətəndaşları qəbul edəcək

Bakı, 23 sentyabr, AZƏRTAC 

Təhsil naziri Emin Əmrullayev oktyabrın 2-də saat 15:00-da Göygöl və Goranboy rayonlarının və Naftalan şəhərinin sakinlərini canlı videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, videoqəbula yazılmaq istəyən vətəndaşlar sentyabrın 23-dən 30-na kimi (saat 18:00-dək) nazirliyin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanların siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar.

Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.

Videoqəbul zamanı konfidensiallığı təmin etmək məqsədilə vətəndaşın qəbul otağında tək olmasına şərait yaradılacaq. Videoqəbulda vətəndaşın müraciəti ilə bağlı lazımi sənədlərin təqdim edilməsi zərurəti yarandıqda, ona həmin sənədləri birbaşa qəbulun keçirildiyi qurumun səlahiyyətli işçisinə və ya elektron formada təqdim etmək imkanı olacaq. Həmin sənədlər araşdırılması üçün Təhsil Nazirliyinə yönləndiriləcək.

Araşdırma tələb edən müraciətlərin cavablandırılması vətəndaşın qeyd etdiyi elektron ünvan vasitəsilə elektron formada, yaxud müraciət edənin xahişinə əsasən poçt ünvanı ilə yazılı və ya əlaqə telefonu vasitəsilə şifahi qaydada həyata keçiriləcək.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close