Ali məktəb

Tədrisdə distant təhsil

İnkişaf etmiş ölkələrin distant təhsillə bağlı təcrübələrini qazanmaqla mütəxəssislərimiz yeniliklərə yol açacaqlar

Qloballaşma şəraitində distant təhsilin məqsədi müasir informasiya texnologiyalarından istifadə etməklə təhsilalanın ixtisasının artırılmasıdır. Distant təhsil formasını ilk yaratmaq cəhdi 1840-cı ilə təsadüf edir. Həmin vaxt İsaak Pitman poçt məktubları vasitəsilə Birləşmiş Krallıqda tələbələrə stenoqrafiyanı öyrətməyə başlamışdır. Uzun illər keçən dövr ərzində texnoloji yanaşmalar və tələblər dəyişmişdir. Distant iş yeni növ ünsiyyət modeli kimi bütün fəaliyyət sahələrini əhatə etməyə təminat verir.

Pandemiya dünyada gözlənilməyən problemlər meydana gətirdi.  İnsanların birbaşa ünsiyyəti və müəssisələrin idarə edilməsində çətinliklər yarandı. Ölkəmizdə distant iş və onlayn menecmentliyin tətbiqində təhsil sahəsi maraqlıdır. Artıq bu sahədə uğurlu distant və onlayn texnoloji əsaslara uyğunlaşan əməli işlər həyata keçirilir.

Tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunma forması distant təhsil adlanır. Pedaqoji prosesdə distant təhsildə hər iki tərəf arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən həyata keçirilir.

Distant təhsilin xarakterik xüsusiyyətlərinə müəllimin yeni rolu, tədrisin keyfiyyətinə  nəzarət, təlimdə fərqli vasitə və texnologiyalardan istifadə  aid edilir.

Müasir  dövrdə texnologiyanın inkişafı təhsil  sisteminə  öz təsirini göstərərək   distant,  yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi yaranıb.

Beynəlxalq statistikaya görə, distant təhsildə “tələbələrin” əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyən şəxslər təşkil edir.  Distant təhsil forması hamı üçün əlverişlidir.

Distant təhsil sistemində dərslər, təlimlər televiziya kanalları, multimedia diskləri, internet şəbəkəsinin imkanları vasitəsi, proqram paketləri ilə həyata keçirilir. Son vaxtlar ali və orta ixtisas məktəblərində qiyabi təhsilin ləğvi, onun distant təhsillə əvəz olunması mütəxəssislərdə bu sahəyə marağı artırmışdır. Distant təhsilin tətbiqi üçün məktəblərin internetə çıxışı tam təmin edilməlidir.

İnkişaf etmiş ölkələrdə bir sıra xüsusiyyətləri ilə seçilən distant təhsil geniş şəkildə istifadə olunur. Təhsil sahəsində çalışan ekspertlərin fikrinə görə, mühazirə zamanı tədris materialının 5-10%-i, tədrisə aid ədəbiyyatın sərbəst oxunuşu zamanı 10-20%-i mənimsənilir. Tədris materialının qrup şəklində müzakirə olunması zamanı  mənimsəmə 50%-ə qədər olmuşdur. Yeni biliklərin təcrübi istifadəsi prosesində mənimsəmə 75%-ə yaxınlaşır. Ən yüksək mənimsəmə dərəcəsinə (90%) başqalarını öyrədəndə çatmaq müşahidə olunmuşdur.

Distant təhsil sistemi tədris prosesinin onlayn formasıdır. Hazırda dünyada tələbələrə distant təhsil təklif edən universitetlərin çoxu “açıq universitet” adı altında fəaliyyət göstərir. Distant formatda keçilən dərslər adi universitetlərdə tədris olunan dərs proqramından ciddi fərqlənmir. Distant təhsil zamanı tələbə və müəllim arasında ünsiyyət üz-üzə deyil, virtual olaraq məsafədən həyata keçirilir.

İqtisadi cəhətdən distant təhsil proqramları ənənəvi sistem üzrə aparılan analoji  kurslardan  ucuzdur. Bu təhsil müəssisələri icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir. Təhsil üçün ayrıca otaqlar və kompüterlər tələb olunmur.

Ayrılan vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar. Müəllimlər eyni zamanda, daha çox tələbəni öyrədə bilərlər. Buna görə də  distant təhsilin maliyyə xərci münasib olur.

Əlçatanlığı ilə diqqət çəkən distant təhsil hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməz sayıla bilər.

İnsanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri aradan qaldıran distant təhsil internet təchizatı olmaqla mobildir, öyrənənin daim aktual məsələlərə çıxışını mümkün edir.

Vaxtının çoxunu işdə və ya ailəsi ilə keçirən insanlar üçün yeni biliklər və bacarıqlar əldə etmək istiqamətində yeganə mümkün vasitə kimi dəyərləndirilən distant təhsildə hər hansı şəxs işindən ayrılmadan ixtisasını artırmaq imkanı əldə edir.

Azərbaycanda distant təhsil “Təhsil haqqında” yeni Qanunun təsdiq edildiyi 19 iyun 2009-cu il sənədində təsbit olunur.

Qanunun 13-cü maddəsinə əsasən, əyani və qiyabi təhsil formaları ilə yanaşı, Azərbaycanda təhsil almanın dörd  – əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsil formaları  vardır. Məsafəli təhsil (distant) proqramı, təhsil müəssisələrinin, öyrənənlərin təkbaşına təhsili reallaşdırmasıdır. Mütəxəssislərin  fikrinə görə, bu sistemdən istifadə etmək istəyən tələbələr faks, poçt və ya e-poçt kimi üsullarla, şagirdlərə isə, ixtisaslı bir müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr edilir.

25 aprel 2020-ci il tarixdə ADPU-nun Elmi Şurasının iclasında universitetin rektoru, professor Cəfər Cəfərovun pandemiya şəraitində tədrisin təşkili ilə bağlı səsləndirdiyi aşağıdakı fikirlər  öz aktuallığı ilə diqqəti cəlb edir:

Bəşəriyyətin inkişafı boyu yaradıb ortaya çıxartdığı bəzi texnologiyalar, sonradan bəşəriyyətin özünün inkişafını, insanın həyatını, düşüncə tərzini, onun ətraf aləmin reallıqlarını dərketməsini və ətraf mühitə qarşı davranışını köklü surətdə dəyişmişdir. Bunlardan biri də hələ əsası ötən əsrdə qoyulmuş və az bir zaman keçməsinə baxmayaraq sürətli inkişa yolu keçmiş informasiya texnologiyalarıdır.

İnformasiya texnologiyaları öz inkişafı ilə bəşəriyyətin sahib və alışmış olduğu zaman və məkan kimi fiziki məhdudiyyətlərini ortadan qaldıraraq sanki mövcud dünyamıza paralel yeni bir dünya yaradaraq, alışmış olduğumuz zaman və məkan məfhumlarını tamamilə dəyişərək bu anlayışlara yeni bir məna gətirdi. Bu gün istənilən yerdə və istənilən zamanda müasir kommunikasiya vasitələrindən istifadə edərək çalışmaq və fəaliyyət göstərmək mümkündür.

İnformasiya texnologiyaları nəinki insanın həyat tərzini, həm də onun düşünmə tərzini də köklü şəkildə dəyişdi. Ona görə də müasir dövrdə müəllimin əsas vəzifəsi tədris prosesini müasir tələblərə və bəşəriyyətin inkişaf meylinə uyğunlaşdırmaq, təhsilalanın diqqətini cəlb edə, o cümlədən onu öyrənməyə və inkişafa motivə edə bilmək kimi mühüm elementləri ehtiva edir.

Müasir dövrün çağırışları də bu gün ali məktəbin tədris resurslarının zamandan və məkandan asılı olmayaraq əlçatan olmasını arzu və tələb edir. Təsadüfi deyil ki, müasir texnologiyalar bu istəyi təmin etmək üçün bütün imkanlara malikdir. Bu baxımdan, məkandan və zamandan asılı olmayan müasir təhsilin və tədrisin təşkili artıq mübahisə edilməyəcək qədər vacib və əhəmiyyətlidir.

Bu gün məsafədən təhsilin uğurla həyata keçirilməsi üçün üç əsas məsələnin həlli vacibdir: əlçatanlıq (öyrənənlərin və ya təlim iştirakçılarının internetə sərbəst çıxışı), kompetensiya (təhsilalanların və təhsilverənlərin informasiya resurslarından və texnologiyalarından istifadə bacarığı) və motivasiya (bu resurslardan istifadə etmək cəhdi və arzusu).

Müasir dövrdə keyfiyyətli təhsil verilməsi ənənəvi təlim metodları ilə onlayn təlim vasitələrinin optimal (uğurlu) vəhdəti hesabına mümkündür.

Bu gün elektron tədris texnologiyalarını tətbiq etməyi bacarmayan, elektron təlimin təşkilinin əsaslarını mənimsəməyən müəllim özünün rəqabətə davamlılığını itirir, həm də müasir ünsiyyət üsullarında mobilliyinin olmaması səbəbi ilə tələbələr üçün maraqsız və arzu edilməz olur. Bu tip bilik, bacarıq və motivasiyaya sahib olmayan bir müəllim təhsilalanlarla qarşılıqlı ünsiyyət üçün virtual tədris mühitini qurmaq imkanlarından məhrumdur.

Müasir müəllim qabaqcıl tədris təcrübələrini, elmi nailiyyətləri və pedaqoji təcrübəsini əsas götürərək elektron tədris texnologiyalarından istifadə etməklə təlim prosesinin təşkili xüsusiyyətlərini, elektron təlimin didaktik funksiyalarını və metodikasını bilməlidir.

Elektron təlim (e-Learning) dedikdə, müəllim və tələbənin hər hansı elektron təlim mühitindən istifadə etməklə təlim prosesinin təşkili nəzərdə tutulur. Online təlim internet üzərindən real zamanda həyata keçirilən tədris fəaliyyətidir. Bu cür təlim müəllim və tələbənin qarşılıqlı interaktiv əlaqəsidir.

Müasir dövrün tələblərinə cavab verən, fəaliyyətini müxtəlif elektron tədris-metodiki platformalar vasitəsilə qura bilən, yüksək peşəkarlığa malik müəllim kadrlarının hazırlığı günümüzün tələbidir və bu, artıq pedaqoji kadr hazırlığını həyata keçirən ali məktəb olaraq ADPU-nun yeni missiyasıdır.

Əlbəttə, bu tədris üsulu son dövr texnoloqiyaların təhsilə göstərdiyi təsirin nəticəsidir və onun metodoloji və pedaqoji tərəfləri təhlil olunmalıdır. Bu tədris vasitəsilə

Öyrənmə və öyrətmə prosesinin ardıcıllığı müəyyənləşdirilməli;

Öyrənmə və ya təhsil prosesinin pillələri aydınlaşdırılmalı;

Biliklərin qiymətləndirilməsi metodları müəyyənləşdirilməli;

Üz-üzə tədrisdən kifayət qədər fərqli olduğundan elektron təhsildə təhsilverənlərin və təhsilalanların etik davranış məsələləri müəyyənləşdirilməli;

Və nəhayət, məsafədən təhsil üçün yeni metodologiyalar formalaşmalıdır.

ADPU bu gün öz yeni missiyasına uyğun olaraq hazırkı şəraitdə tədris üçün vacib olan və yuxarda qeyd olunan məsələlərin işlənib hazırlanması üzərində çalışır və artıq yeni tədris ili başlayana qədər elektron təhsilin metodoloji və pedaqoji yanaşmasına dair öz tövsiyələrini geniş təhsil ictimaiyyətinə təqdim etməyi qarşısına məqsəd qoymuşdur.

Metodoloji mənbə kimi söylənilən bu  elmi-pedaqoji fikirlər konseptuallıq təşkil edir. Ümid edirik ki, mütəxəssislərimiz tezliklə dünyanın inkişaf etmiş ölkələrinin distant təhsillə bağlı təcrübələrini qazanmaqla yeniliklər etmiş olar.

Şahrza AĞAYEV,

ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

 Azərbaycan Müəllimi

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close