Ali məktəb

Şuşanın məşhur məktəbi

Şuşa Realnı Məktəbi təhsil tariximizdə əvəzsiz iz qoyub

Təhsil tariximizdə özünəməxsus yeri olan, xalqımıza neçə-neçə ziyalı, tanınmış yazıçılar, ədiblər bəxş edən Şuşa Realnı Məktəbi də məhz  mənfur qonşularımızın vəhşiliyinin qurbanı olan, bilik, elm məbədgahlarımızdandır.

XIX yüzilliyin sonlarında müxtəlif sahələrdə baş verən dəyişikliklər  Azərbaycanda mədəniyyətlə yanaşı  maarifçiliyə meyillərin artmasına da özünün müsbət təsirini göstərirdi. Həmin dövrdə maarifçiliyin inkişafı nəticəsində dini təhsil sistemindən dünyəvi təhsil sisteminə keçid gücləndi.XIX əsrdə Azərbaycanda yeni tipli məktəblər meydana gəldi və inkişaf yoluna qədəm qoydu. Belə məktəblərin təsiri və maariflənmə səyləri baxımından  Qarabağ bölgəsi, nəinki Azərbaycanda, eləcə də, Cənubi Qafqazda, demək olar ki, ən birinci yeri tuturdu. Bu ənənə XIX əsrin sonlarında daha da güclənmişdi.

Onu da qeyd edək ki, XIX əsrin 80-ci illərində cəmi bir real məktəb Bakıda  və bir klassik progimnaziya Gəncədə fəaliyyət göstərirdi. Bu isə bir tərəfdən əhalinin orta təhsilə olan ehtiyacını, digər tərəfdən isə sənaye və ticarətin artmaqda olan tələbini qətiyyən ödəmirdi. Şuşada isə bu tələb və ehtiyac özünü xüsusilə büruzə verirdi. Burada orta məktəbə olan tələbat  get-gedə artırdı. Şuşada progimnaziya təsisi sahəsindəki tələbin nəticəsiz qalmasını görən şəhər əhalisi 1880-ci il iyunun 30-da Peterburqa-Qafqaz komitəsinə müraciət edir.

Müraciətdə qeyd olunurdu: “Şuşa şəhər sakinlərinin təhsilə olan cildd-cəhdinə, (Şəhər məktəbində 400-dən artıq şagirdin oxuması bu cəhdi bir daha təsdiq edir) və şəhər ictimaiyyətinin arzusuna əsaslanan Gəncə qubernatoru Şuşa şəhərində 6 sinifli realnı məktəb açmağı xahiş edir. Şəhər ictimaiyyəti həmin məktəbi müvafiq bina ilə təmin etməyi və ildə 7500 manat pul ilə kömək etməyi öhdəsinə götürür”.

Beləliklə, edilən müraciət öz həllini tapır və 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli Realnı Məktəbin əsası qoyulur. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil olunan bu məktəbə ilk dəfə 159 şagird qəbul edilir. Tarixi mənbələrdə qeyd edildiyi kimi, 1886-cı ildə məktəbə 7.500 manat vəsait xərclənmişdir.

Dövrünün nümunəvi maarif ocağı sayılan Şuşa Realnı Məktəbinə maraq gündən-günə artmaqda idi. Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gətirmişdir. Onlar məktəbdə tədrislə və davamiyyətlə maraqlandıqları zaman üzürlü və üzürsüz dərs buraxanların 7,64 faiz olduğu müəyyən olub. Bu faizin  özü xalqımızın elmə-maarifə həvəsinin əvvəlki illərə nisbətən artdığını göstərirdi. Xalq o zaman dinin qadağan olunmasına baxmayaraq başqa xalqların dillərini də öyrənirdi. Həmin dildə danışmağa və oxumağa cəhd göstərirdilər. Seçimdə hamı sərbəst və azad idi. Məsələn,1890-cı ildə Tiflis  məktəblərində alman dili məcburi dil kimi öyrədilirdisə, Şuşa məktəbində bu, könüllülük prinsipi əsasında aparılırdı. Yeni açılan məktəblərdə ədəbiyyatın tədrisinə xüsusi diqqət yetirilirdi. Ona görə ki, ədəbiyyat əsas tərbiyə vasitəsi kimi yetişdirmək qüdrətinə malik idi. Bunu Şuşa Realnı Məktəbinin müfəttişini əvəz edən Şimanovskinin Qafqaz maarif nazirinin sərəncamlar bülletinində çap etdirdiyi “Bizim orta məktəblərdə  ədəbiyyat şagirdlərin əxlaq tərbiyəsində, söhbətlərin aparılmasında əsas silahdır” başlıqlı məqaləsi bir daha təsdiq edir. O zaman ədəbiyyata xüsusi diqqət yetirilirdi.

Burada görkəmli ziyalılar dərs deyirdi             

Şuşa Realnı Məktəbdə tanınmış maarifçilər Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov dərs deyib.  Əslən şuşalı olan  şəxsiyyətlərin  hər biri ən savadlı, sayılıb-seçilən insanlar olub. Məsələn, görkəmli pedaqoq Mirzə Salah bəy Zöhrabbəyov Fransada və Rusiyada təhsil almış görkəmli ziyalılardan idi.

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu olan Yusif bəy Məlikhaqnəzərov müəllim, eyni zamanda  aktyor və rejissor kimi məşhur idi.

Pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı və naşir kimi tanınan Haşım bəy Vəzirov  Şuşada “müsəlman-rus” məktəbi yaradılanda bu məktəbə direktor vəzifəsinə dəvət edilir. Məktəbdə işləməklə bərabər Şəhər bələdiyyə idarəsinə qlasnı seçilir. Bundan başqa, o, Şuşa Real Məktəbinin hazırlıq sinfində ana dilindən dərs deyirdi.

Məktəbin tanınmış məşhur məzunları

Burada təhsil almış şagirdlər də onlara dərs deyən müəllimləri kimi sonradan məşhur şəxslər kimi tanınıblar. Məktəbin yetirmələri olan Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, İsmayıl bəy Şəfibəyov, Muxtar bəy Muradov, Yusif  Vəzir  Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Qara bəy Əliverdilər,  Cabbar bəy Vəlibəyov, Rüstəm bəy Axundov, Xan Şuşinski fəaliyyətləri ilə dövrlərinin ən parlaq şəxsiyyətləri kimi yadda qalıblar.

Digər təhsil müəssisələrinə qapılarını açan Realnı Məktəb

Öz missiyasını uğurla həyata keçirən, xalqın maariflənməsi, elmə yiyələnməsi işində müstəsna xidmətləri olan, Azərbaycan ədəbiyyatına bir sıra məşhur yazıçılar, ədiblər, bəxş edən Realnı Məktəbin binası  sonralar bir sıra təhsil müəssisələrinin fəaliyyət göstərməsi üçün gözəl məkana çevrilmişdir. Belə ki,  Şuşanın qədim tikililərindən sayılan təhsil ocağının binasında 1960-cı ilədək Şuşa Pedaqoji Texnikumu, 1960-cı ildən  1989-cu ilədək Riyaziyyat təmayüllü 2 nömrəli internat məktəbi fəaliyyət göstərmişdir.

Binanın sonuncu sakinləri isə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Şuşa filialı olub. 1989-cu ildən 1992-ci ilədək bu binada  fəaliyyət göstərən ali təhsil müəssisəsinin Şuşa filialında tələbələr əsasən pedaqoji fakültələrdə təhsil alırdılar.

Şuşanın əsl sahibləri qayıtdı…

Bəli, təhsilimizin inkişafına əvəzsiz töhfələr vermiş əzəmətini, tarixi görkəmini, qədimliyini qoruyan Şuşa Realnı Məktəb çox təəssüf ki, 1992-ci ilə qədər ayaqda durmağı bacardı. Belə ki,1992-ci ilin may ayında  Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları orada  bir çox tarixi, dini yerlərimizi məhv etdi, o cümlədən Şuşa Realnı Məktəbi yandıraraq xarabazara çevirdilər.  Budur, artıq İlahi Ədalət zəfər çaldı. 30 ilə yaxın işğal olunmuş torpaqlarımızın həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə erməni işğalçılarının böyük xülyalarını puç etdi. Onların qurduqları və neçə illərdir ki, həyata keçirməyə çalışdıqları planlar tarixin zibilliyinə atıldı. Və  təhsil ocaqlarımızı məhv edərək, xarabazarlığa çevirən işğalçı ermənilər isə bu dəfə “sinif”də qalmadılar, bütövlükdə “məktəb”dən  qovuldular. Özü də ölkə başçısı cənab İlham Əliyevin dediyi  kimi, düşməni iti qovan kimi qovduq.

Doğma Şuşamıza təhsilimiz qayıdır. Artıq bizləri qarşıda azad olunmuş torpaqlarımızda böyük quruculuq işləri, gözəl bir həyat gözləyir. Elə Şuşaya səfəri zamanı dövlət başçısı İlham Əliyevin erməni vandalizminin qurbanı olmuş Şuşa Realnı Məktəbinin dağıdılmış binası ilə tanış olarkən dediyi bu fikirlər də  tezliklə müasir təhsil tariximizdə yenidən  Şuşa səhifəsinin açılacağını deməyə əsas verir: “Dünyada onlar kimi saxtakar millət yoxdur. Bu bina da bərpa olunacaq.

…Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close