Ali məktəb

Memarlıq və İnşaat Universiteti: Bu gün 2 mindən çox tələbə imtahan verəcək

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, imtahan sessiyası təsdiq olunmuş cədvələ əsasən distant formada magistratura səviyyəsi üzrə test və şifahi, bakalavr səviyyəsi üzrə isə yazılı, test və yaradıcılıqla bağlı fənlərdən aparılır. İmtahanın idarə edilməsi üçün gənc müəllimlərdən və tədris-köməkçi heyətdən ibarət proktor-nəzarət qrupu fəaliyyət göstərir.

Yanvarın 13-də bakalavriat və magistratura pilləsində təhsil alan 90 qrup üzrə 2157 tələbə imtahanda iştirak edəcək. Tələbələr fizika, kimya, xarici dil, radioekologiya, vergilər və vergitutma, ağac konstruksiyaları, politologiya mühəndis geologiyası və qrunt mexanikası, metrologiya, standartlaşdırma və sertifikasiya, innovasiya menecmenti, erqonomika və istehsal təhlükəsizliyi, istilik texnikası, mülki müdafiə, informasiya texnologiyalarının riyazi elementləri, tikinti müəssisələrində təsərrüfat fəaliyyətinin təhlili, elektrotexnologiya, ekonometrika, sosiologiya, avtomatlaşdırmanın əsasları, marketinqdə satışın idarə edilməsi, biznes əlaqələri fənlərindən imtahan verəcəklər. Bu günə qədər olan statistik nəticələrə görə, ümumilikdə 176 qrup üzrə 4237 tələbə imtahanlara qatılıb.

Sessiyada obyektivliyin və şəffaflığın tam təmin edilməsi və imtahan prosesi ilə bağlı şikayətlərin araşdırılması məqsədilə imtahan qərargahı və apelyasiya komissiyası yaradılıb. İmtahanın gedişinə universitet rəhbərliyi nəzarət edir.

Qış imtahan sessiyası fevralın 15-də başa çatacaq.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close