Ali məktəb

İlahiyyat İnstitutunda elmi araşdırmaların metodologiyasına həsr olunan vebinar

Azərbaycan İlahiyyat İnstitutunda Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarda Tələbə Elmi Cəmiyyətinin sədri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı çıxış edərək rəhbəri olduğu cəmiyyətin fəaliyyəti barədə məlumat verib. O, mövcud pandemiya dövründə tələbələrin elmi dünyagörüşü, intellektual səviyyələrinin artırılması istiqamətində bu cür vebinarların davamlı keçiriləcəyini vurğulayıb.

Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov “Elm və elmi araşdırmanın metodologiyası” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, belə vebinarlar tələbələrdə elmi yaradıcılığın müxtəlif formalarının təbliği, tədqiqatların aparılmasına gənclərin marağının artırılması, onlarda elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və mükəmməl mənimsənilməsinə köməklik göstərir.

Anar Qafarov tələbələrdə müxtəlif elmi araşdırma qabiliyyətinin formalaşdırılması məqsədilə tədqiqatın ümumi strukturuna dair təsəvvürün yaranması, həmçinin sosial elmləri maraqlandıran məsələlərin araşdırma obyektinə çevrilməsi baxımından bir sıra məqamlardan söz açıb. O, elmi məqalənin yazılış forması, tədqiqatın strukturuna dair plan-prospektin hazırlanması, istinad qaydaları haqqında məlumat verib.

Qeyd edək ki, Tələbə Elmi Cəmiyyətinin əsas məqsədi ali təhsilli mütəxəssis hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsidir. Həmçinin elmi-texniki potensialın qorunub-saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında institutun işinə kömək etmək cəmiyyətin vəzifələrindən biridir.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close