Ali məktəb

“Gəncliyin bir həftəsi” layihəsində 250-dən çox tələbə-könüllü iştirak edib

Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşkilatçılığı ilə 2 fevral –Azərbaycan Gəncləri Gününə həsr olunan “Gəncliyin bir həftəsi” layihəsində 250-dən çox tələbə-könüllü iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə “Bir” tələbə-könüllü proqramının 6 fəaliyyət istiqamətinə (yaşa, yaşat, öyrən, öyrət, kəşf et, zövq al) uyğun reallaşdırılıb. Layihə çərçivəsində birinci gün (öyrən) onlayn şəkildə “Jest dili” təlimi təşkil olunub. İkinci gün (yaşat) qanköçürülməsinə ehtiyac duyan insanlar üçün Mərkəzi Qan Bankında qanvermə aksiyası keçirilib. Üçüncü gün torpaqlarımızın işğaldan azad olunmasında canından keçən şəhidlərin əziz xatirələri anılıb, şəhid ailələri ziyarət olunub. Dördüncü günü (öyrət) Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenant və hərbi həkimi Namiq Sətfəddinlinin iştirakı ilə görüş baş tutub.

“Gəncliyin bir həftəsi”ndə gənclərin dünyagörüşünün artırılması məqsədilə “Code-Tusi” intellektual kvest oyunu (zövq al) və “Şahmat turniri” (kəşf et) də keçirilib. Son gün isə tələbə-könüllülər üçün Azərbaycan Gəncləri Gününə həsr olunan musiqi saatları (yaşa) təşkil olunub.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının 25 mindən çox üzvü var. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 650-dən çox yerli, eləcə də beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “Bir” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close