Ali məktəb

“Elm günləri”ndə İslam maliyyə sistemi mövzusunda təqdimat keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri” çərçivəsində növbəti tədbir “İslam maliyyə sistemi” mövzusunda olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin moderatoru, UNEC İslam Maliyyə Tədqiqat Mərkəzinin direktoru, professor Zahid Məmmədov hazırda dünyanın 92 ölkəsində islam iqtisadiyyatının tətbiq olunduğunu diqqətə çatdıraraq, bu iqtisadiyyatın sürətlə inkişaf etdiyini bildirib. O, İslam maliyyəsi prinsipləri ilə idarə olunan bütün aktivlərin həcminin qlobal miqyasda 3 trilyon dolları keçdiyini deyib.

Sonra UNEC İslam Maliyyə Tədqiqat Mərkəzinin tədqiqatçısı Əfqan Musayev İslam maliyyə sisteminin fəlsəfəsi, əsas subyektləri barədə ətraflı məlumat verib. O, İslamda maliyyə-iqtisadi münasibətlərin ədalət, əxlaq, dürüstlük prinsiplərinə əsaslandığını bildirib. Təqdimatda işğaldan azad olunan ərazilərin bərpası məsələsinə toxunan Ə.Musayev İslam banklarının, alternativ maliyyə institutlarının Qarabağ iqtisadiyyatının dirçəldilməsi prosesinə cəlb edilməsinin vacibliyini də vurğulayıb.

Çıxışlardan sonra müzakirələr aparılıb, iştirakçılar pandemiya dövründə İslam banklarının fəaliyyəti ilə bağlı tədqiqatların aparılmasının, ərəb mənşəli iqtisadi terminlər lüğətinin hazırlanmasının əhəmiyyətindən danışıblar.

UNEC-in rəsmi “Facebook” səhifəsində canlı yayımlanan tədbirdə iştirakçıların mövzu ilə bağlı sualları məruzəçi tərəfindən cavablandırılıb.

Qeyd edək ki, martın 15-dən 30-dək UNEC-də “Elm günləri” elan olunub. “Elm günləri”ndə UNEC-in tədqiqat mərkəzləri və fakültələrinin xarici universitetlər, elmi tədqiqat institutları ilə birgə onlayn elmi seminarları, dəyirmi masaları və elmi müzakirələri təşkil olunur.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close