Ali məktəb

DİM imtahan iştirakçılarına müraciət etdi-Bu kimi hal işimizi çətinləşdirir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən ən əsas məqamlardan biri də qəbul və imtahan prosesinin şəffaflığının təmin edilməsidir. Bütün imtahan iştirakçıları üçün zəruri şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir. Təəssüflər olsun ki, bəzi hallarda müəyyən şəxslər qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməyə cəhd göstərirlər.

Bu barədə  DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir. Lakin istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.

Bu gün keçirilən inzibati rəhbər (A növü) vəzifələrə aid qruplar üzrə dövlət qulluğuna qəbul imtahanında hazırda dövlət qulluqçusu olmayan və dövlət orqanlarının birində müqavilə əsasında çalışan 1 namizədin üzərində səs ötürücü qurğu tapılıb. Həmin namizəd ötürücüdən istifadə etməyə çalışarkən bu hal zal nəzarətçiləri tərəfindən aşkarlanıb və müvafiq protokol tərtib olunmaqla namizəd imtahandan kənarlaşdırılıb. Həmin şəxslə bağlı müvafiq dövlət orqanına da müraciət olunacaq.

Dövlət orqanında müqavilə əsasında çalışan və gələcəkdə inzibati rəhbər vəzifə tutmaq istəyən bir şəxs tərəfindən belə bir qayda pozuntusunun törədilməsi təəssüf hissi doğurur. Dövlət qulluqçularının etik davranış qaydalarında qeyd olunduğu kimi, dövlət qulluqçusu və ya dövlət qulluğunda çalışmaq istəyən insanlar bütün hallarda hər bir şəxs üçün nümunə olmalıdır. Gələcəkdə dövlət qulluqçusu olmaq istəyən şəxs dövlət qulluğuna aid vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

Bu kimi halların baş verməsi DİM-in də işini çətinləşdirir. Belə ki, Mərkəz imtahanın təhlükəsizliyinin təmin edilməsi, ədalətli seçimin həyata keçirilməsi və digər bu qəbildən olan öhdəliklərin yerinə yetirilməsi üçün əlavə maddi vəsait və insan resurslarını sərf etməli olur. İmtahanların təşkili zamanı bütün qeyd edilənlər və ictimaiyyət üçün məlum olmayan bir sıra tədbirlər əlavə canlı qüvvənin və maddi vəsaitlin xərclənməsini zəruri edir və təbii ki, DİM-in resurslarının daha səmərəli istifadə olunmasına mane olur.

DİM gələcək imtahan iştirakçılarına müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, dövlət qulluğuna qəbul, eləcə də digər imtahanlarla bağlı qaydalara, tələblərə tam riayət etməyə çağırır. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close