Ali məktəb

Beynəlxalq Təhsil Gününə həsr olunan tədbir keçirilib

Təhsil və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının təşəbbüsü ilə Beynəlxalq Təhsil Günü ilə bağlı tədbir keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir “COVID-19” pandemiyası dövrünü yaşamış nəsil üçün təhsilin bərpası və dirçəldilməsi” mövzusuna həsr olunub. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, keçən il həm də yeni çağırışlar, ilk növbədə, postindustrial cəmiyyətin yaranması, müasir informasiya və rəqəmsal texnologiyaların, süni intellektin geniş tətbiqi ilə bağlıdır. Belə çağırışlardan biri də pandemiya ilə əlaqəlidir. “COVID-19” pandemiyası bütün dünyada ənənəvi şəraitdən tam fərqli bir vəziyyət yaradıb, sosial-iqtisadi prioritetlərə yenidən baxılmasını zəruri edib.

Firudin Qurbanov təəssüf hissi ilə qeyd edib ki, pandemiya təlim-tədris prosesinə əhəmiyyətli dərəcədə təsir edərək ənənəvi təhsilin geniş miqyasda pozulmasına, məktəblərin bağlanmasına, ömürboyu öyrənmə üzrə proqramlara mənfi təsir edib. Bu, bir daha göstərdi ki, dəyişən dünyada təhsil mobil transformasiyaya hazır olmalıdır.

Nazir müavini pandemiyanın yaratdığı yeni reallıqlara uyğunlaşmaq, təhsilin davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən və keçirilməkdə olan müvafiq tədbirlər barədə də danışıb. Firudin Qurbanov vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, texniki imkanlar hesabına məsafədən olsa da uşaqların bilik almaq imkanları var. Onun sözlərinə görə, əslində, informasiya texnologiyaları bu mürəkkəb vəziyyətdə bizi xilas edir. Müəllimlərin şagirdlərlə, tələbələrlə ünsiyyət, əlaqə yaratmaq imkanını saxlamaq üçün kömək edir.

Firudin Qurbanov çıxışında pandemiya dövründə təhsildə Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün birgə fəaliyyəti gücləndirmək və yaranmış çətinliklərlə mübarizədə səyləri birləşdirmək məqsədilə UNESCO-nun irəli sürdüyü təşəbbüslərin Təhsil Nazirliyi tərəfindən dəstəkləndiyinə də toxunub. Əlavə edib ki, ölkəmiz müvafiq sahədə öz müsbət təcrübəsini digər üzv dövlətlərlə də mütəmadi bölüşür. Nümunə olaraq, UNESCO-nun rəsmi saytında yerləşdirilən müxtəlif ölkələrdə şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə tətbiq olunan distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısında ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” (poliap) platforması yer alıb.

Nazir müavini çıxışının sonunda müasir dövrdə bu cür görüşlərin pandemiya və postpandemiya dövrünün çağırışlarına effektiv şəkildə cavab vermək baxımından öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov Beynəlxalq Təhsil Gününün qısa tarixi və mahiyyəti barədə məlumat verib. Elnur Sultanov bu təşəbbüsün əsas məqsədinin qlobal təhsil məqsədlərinə çatmaq üçün BMT-nin üzv ölkələri, BMT sistemi, özəl sektor, vətəndaş cəmiyyəti və gənclər təşkilatlarının kollektiv fəaliyyətini gücləndirməkdən ibarət olduğunu bildirib. 2021-ci ildə Beynəlxalq Təhsil Gününün “COVID-19” pandemiyası dövrünü yaşamış nəsil üçün təhsilin bərpası və dirçəldilməsi” mövzusunda keçirilməsinin indiki dövr üçün aktual və önəmli olduğunu bildirən baş katib dünyada yaranmış problemlərin aradan qaldırılması məqsədilə UNESCO tərəfindən irəli sürülən bir sıra təşəbbüslərdən danışıb və ölkəmizin həmin təşəbbüslərdə aktiv rol oynadığını vurğulayıb. Elnur Sultanov Azərbaycanla UNESCO arasında təhsil sahəsində əməkdaşlıq proqramları və layihələrdən də danışıb.

Onlayn tədbirə qatılan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmənin təşkili şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov pandemiyanın yaratdığı yeni reallıqlara uyğunlaşmaq, təhsilin davamlılığını təmin etmək məqsədilə nazirlik tərəfindən həyata keçirilən və keçirilməkdə olan müvafiq tədbirləri diqqətə çatdırıblar.

Tədbirin yekununda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close