Ali məktəb

BDU-da elmi seminar: Nizami yaradıcılığında Novruz ənənələri

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Nizami Gəncəvi və folklor” tədbirlər planı çərçivəsində “Nizami yaradıcılığında Novruz ənənələri” adlı ilk tədbir – onlayn elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətindən söz açıb, dahi şairin yaradıcılığında folklor məsələlərinə toxunub.

Seminarda Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı Aynurə Allahverdiyeva “Nizami yaradıcılığında bahar”, kafedranın magistrantları Günay Mirzəyeva “Nizami yaradıcılığında su və od ünsürləri”, Nərminə Xanəliyeva “Nizami yaradıcılığında torpaq və hava ünsürləri” adlı məruzələrlə çıxış ediblər.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova “Laçın” mahnısını, Üzeyir Hacıbəylinin “Sevgili canan” romansını fortepianoda ifa edib. Eyni zamanda, akademiyanın tələbəsi, müsabiqələr laureatı Emin İsmayılov “Sənsiz” romansını oxuyub.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsinin tələbəsi Qızbala Hümmətovanın qum üzərində çəkdiyi kompozisiya nümayiş etdirilib. Kompozisiyada Nizami Gəncəvinin əsərlərinin obrazları, eləcə də şairin portreti əks olunub. Filologiya fakültəsinin III kurs tələbəsi Arif Vəliyev “Qəm eyləmə, qəm əhlinin imdadına canan çatar”, II kurs tələbəsi Lumu İspəndiyərzadə “Ay üzlü nigarım, kimə mehman olacaqsan?” qəzəllərini səsləndiriblər. Laləzar Sərxanovanın təqdimatında Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında slaydlar nümayiş etdirilib.

Sonda Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov tədbir haqqında təəssüratlarını bölüşərək iştirakçılara təşəkkürünü bildirib və “Nizami Gəncəvi İli” çərçivəsində fakültədə keçiriləcək digər tədbirlər haqqında da məlumat verib.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close