Ali məktəb

BDU-da 6 ixtisaslaşma beynəlxalq akkreditasiyadan keçib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin magistratura səviyyəsinin 6 ixtisaslaşması üzrə Ali Təhsildə Keyfiyyətin Təmin Olunması Avropa Assosiasiyasının (ENQA) üzvü, Təhsildə Keyfiyyətin Təminatı Avropa Reyestrində (EQAR) qeydiyyatdan keçmiş Təhsildə Keyfiyyətin Təminatı Müstəqil Agentliyi (İQAA) tərəfindən təhsil proqramlarının beynəlxalq və Avropa keyfiyyət standartlarına uyğunluğun qiymətləndirilməsi – beynəlxalq akkreditasiyası aparılıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq akkreditasiya iki beynəlxalq ekspert komissiyası tərəfindən həyata keçirilib. Üzvi kimya, yüksək molekullu birləşmələr kimyası və neft kimyası ixtisaslaşmaları üzrə ekspert qrupunda Qazaxıstanın K.İ.Satbayev adına Milli Tədqiqat Texniki Universitetinin akademik məsələlər üzrə prorektoru Rinat İsakov, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri Valentin Nenaydenko, Türkiyə Yıldız Texnik Universitetinin kafedra müdiri Sevil Yücel, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini Hikmət İbrahimov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Fariz Əliyev və ekspert qrupunun koordinatoru Qaliya Raximcanova iştirak ediblər.

Qeyri-üzvi kimya, analitik kimya və fiziki kimya ixtisaslaşmaları üzrə ekspert qrupunda M.Auezov adına Cənubi-Qazaxıstan Universitetinin qeyri-üzvi maddələrin kimyəvi texnologiyası kafedrasının müdiri Qalina Seytmaqzimova, Lissabon Texniki Universitetinin professoru Armando Pombeiro, Münhen Texniki Universitetinin professoru Ralf Zimmerman, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhəmməd Babanlı, AMEA-nın doktorantı Emin Əliyev və ekspert qrupunun koordinatoru Karlıqaş Ciqitçeyeva iştirak ediblər.

Hibrid formatda təşkil olunan akkreditasiya zamanı ekspertlər magistratura təhsil proqramlarının təhsil, elm və digər sahələrdə 7 beynəlxalq və Avropa keyfiyyət standarеlarına uyğunluğunu qiymətləndiriblər. Ekspertlər kafedralar tərəfindən ingilis dilində hazırlanmış özünütəhlil hesabatlarını analiz edərək, universitet rəhbərliyi, fakültənin professor-müəllim heyəti, magistrantlar, məzunlar işəgötürənlərlə müsahibələrdən sonra keçirilən auditin ilkin nəticələrə görə fakültədə elm və təhsilin səviyyəsinin yüksək olduğunu qeyd ediblər.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close