Ali məktəb

BDU-da “20 Yanvar – xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib

Bakı Dövlət Universitetində (BDU) “20 Yanvar – xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda onlayn dəyirmi masa keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə 20 Yanvar qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masanın moderatoru, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixi olduğunu qeyd edib.

BDU-nun rektoru Elçin Babayev Qanlı Yanvar faciəsinin XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olduğunu qeyd edərək ölkəmizin suverenliyi və azadlığı uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin əbədi yaşayacağını bildirib. Faciə zamanı keçmiş sovet ordusunun xalqımızın silahsız övladlarını, mülki əhalini vəhşicəsinə qətlə yetirdiyini vurğulayan rektor bu hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə həm faciə, həm də qanla yazılmış şanlı mübarizə salnaməsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib. Qanlı hadisədən 31 il keçməsinə baxmayaraq, xalqımızın o dəhşətli günlərin ağrı-acısını hələ də unutmayıb.

Bu hadisələrə ilk reaksiyanın ümummilli lider Heydər Əliyev tərəfindən gəldiyini xüsusi vurğulayan E.Babayev Ulu Öndərin faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini söyləyib. Məhz Ümummilli Liderimizin təşəbbüsü ilə 1994-cü ildə faciəyə siyasi-hüquqi qiymət verildiyini bildirən rektor 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanmasının da ulu öndər Heydər Əliyevla bağlı olduğunu söyləyib.

Elçin Babayev qeyd edib ki, bu gün şəhidlərimizin ruhu şaddır, çünki işğal altında olan torpaqlarımız azad edilib. Bakı Dövlət Universitetinin 2 saylı tədris binasının qarşısında 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə bu faciə qurbanlarının xatirəsinə ehtiramın növbəti nümunəsidir.

Sonra şəhid, Milli Qəhrəman Məzahir Rüstəmovun atası, BDU-nun Sosiologiya kafedrasının professoru İzzət Rüstəmov məruzə ilə çıxış edib. Məruzədə 31 il öncə baş verən hadisələr bir daha nəzərdən keçirilib, 20 Yanvar faciəsinin səbəbləri, həmin dövrdə dünyada və ölkə daxilindəki ictimai-siyasi vəziyyət təhlil olunub, xalqımızın azadlıq mübarizəsində 20 Yanvar faciəsinin oynadığı roldan, BDU tələbələrinin bu dövrdəki xidmətlərindən ətraflı bəhs edilib.

Dəyirmi masa Millət Məclisin deputatı, BDU-nun professoru Jalə Əliyeva, Millət Məclisin deputatı, BDU-nun kafedra müdiri Anar İsgəndərov, “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin olunması” İctimai Birliyinin sədr müavini, BDU-nun elmi işçisi Almara Nəbiyeva, Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Əlövsət Allahverdiyev, Tarix fakültəsinin magistrantı Nigar Abdullazadənin Ümumxalq Hüzn Günü ilə bağlı çıxışları ilə davam edib. Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisələri yada salınıb, sovet ordusunun paytaxtda, eyni zamanda, bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışılıb. Bu faciənin beynəlxalq hüquqi aspektləri təhlil olunub, şəhidlərimizin müasir tariximizin qəhrəmanlarına çevrilməsindən, şəhid ailələrinə, əlillərə dövlətin diqqət və qayğısından bəhs edilib.

Sonda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 20 Yanvar şəhidlərinin qisasını aldığı, Vətən uğrunda canlarından keçmiş oğullarımızın qəlbimizdə qürur mənbəyi olaraq yaşayacaqları qeyd olunub.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close