Ali məktəb

BDU bu gün də dövlətçiliyin möhkəmləndirilməsinə töhfələr verən yüksəkixtisaslı mütəxəssis-gənclər yetişdirir

Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Yarandığı vaxtdan ölkəmizin bütün həyatında misilsiz xidmətlər göstərən Bakı Dövlət Universiteti bu gün də ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən, dövlətçiliyin daha da möhkəmləndirilməsinə, milli şüur və düşüncə tərzinin formalaşmasına önəmli töhfələr verən, vətənpərvərlik ruhunda tərbiyə edilən yüksəkixtisaslı mütəxəssis-gənclər yetişdirir. Dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissini artırır.

Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildirilib ki, bu fikirləri rektor Elçin Babayev Azərbaycan Gəncləri Gününə həsr olunmuş onlayn tədbirdə səsləndirib. Rektor ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin, bu sahədə dövlət siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Elçin Babayev hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almasında, uğurlu karyeraya nail olmasında Heydər Əliyevin xüsusi əməyi olduğunu qeyd edərək bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Rektor 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımıza parlaq qələbə sevincini yaşadan, canı və qanı bahasına ən yeni tarix yazaraq əzəli torpaqlarımızı işğaldan azad edən qəhrəman övladlarımızı da xüsusi xatırlayıb. Azad edilən torpaqlarımızda görüləcək quruculuq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakının mühüm əhəmiyyət kəsb etdiyinə diqqət çəkib.

Tədbirin moderatoru, universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizin ictimai həyatında onların fəal rol oynadığını bildirib.

Sonra gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Şahin Seyidzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, BDU-nun Hüquq fakültəsinin məzunu, Vətən müharibəsinin könüllü iştirakçısı Qəfər Nəzərov, Kitabxanaçılıq-informasiya fakültəsinin I kurs tələbəsi Fidan Həsənova tələbə-gəncləri təbrik ediblər.

Tədbirin sonunda BDU-nun Gənclər Günü münasibətilə elan etdiyi “İlin gənc alimi” müsabiqəsinin qaliblərinin adları açıqlanıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close