Ali məktəb

BANM-də “Qarabağın təbii sərvətləri” mövzusunda vebinar keçirilib

Bakı Ali Neft Məktəbi (BANM) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Qarabağın təbii sərvətləri” mövzusunda vebinar keçirilib.⠀

BANM-dən AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən keçirilən vebinarda Qarabağın zəngin təbii sərvətləri barədə geniş müzakirələr aparılıb. Tədbirdə müxtəlif yerli, transmilli şirkətlərdən, təhsil müəssisələrindən, idarə və təşkilatlardan 700 nəfər iştirak edib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışında qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsinin əsas səbəblərindən biri də bu ərazilərin təbii sərvətlərlə, o cümlədən su, meşə, torpaq ehtiyatları ilə zəngin olmasıdır.

Rektor qondarma “Dağlıq Qarabağ” rejimi tərəfindən təbii sərvətlər və onun istifadəsinə dair qəbul edilən bir çox fərman və sərəncamların təbii sərvətlərinin talanmasına xidmət etdiyini vurğulayıb.

“Biz təklif edirik ki, hər bir ali məktəb öz profilinə uyğun olaraq istiqamətlər üzrə Qarabağın tarixini, turizm və logistik imkanlarını və s. məsələləri araşdırsın”, – deyə E.Qasımov deyib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov milyardlarla ABŞ dolları gəlir gətirən mineral-xammal ehtiyatlarımızın ermənilər tərəfindən asanlıqla talan edildiyini qeyd edib. O, faydalı qazıntıların talan edilməsi nəticəsində dəymiş zərərin məbləğinin dəqiq araşdırmalar nəticəsində müəyyən olunacağını bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev qeyd edib ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikası ərazilərində işğaladək olan dövrdə ehtiyatları təsdiq olunmuş 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən 4 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 7 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 10 gil, 21 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 11 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 10 mineral su yatağı mövcud olub.

Xidmət rəisi Azərbaycan Respublikasının erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində 561 yataq və perspektivli minerallaşma sahəsinin müəyyən edildiyini diqqətə çatdırıb.

Vebinarda Bakı Ali Neft Məktəbinin Neft-Qaz mühəndisliyi kafedrasının dosenti Qəşəm Zeynalov da məruzəçi qismində çıxış edib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycana vurduğu zərərlərin – vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri və s. ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında kompleks qiymətləndirilmə aparılır. Məqsəd talan siyasətini həyata keçirən düşmən ölkənin siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunması ilə bağlı bütün lazımi tədbirləri həyata keçirməkdir.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close