Ali məktəb

Bakı Dövlət Universitetində “Qətl günü” romanının onlayn müzakirəsi

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Xalq yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” romanının onlayn müzakirəsi keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Bayramov qeyd edib ki, Bakı Dövlət Universiteti yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, milli ruhlu vətəndaş yetişdirməyi də özünün əsas məqsədi hesab edir. Ona görə də bu cür tədbirlərin, kitab müzakirələrinin keçirilməsi tələbələrdə milli ruhun formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. O, Yusif Səmədoğlunun yaradıcılığını, eləcə də bu gün müzakirəyə çıxarılan “Qətl günü” romanını nəsrimizdə yeni mərhələ adlandırıb. Eyni zamanda, ulu öndərimiz Heydər Əliyevin şairlərə, yazıçılara olan diqqət və qayğısından bəhs edib.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, ədəbiyyatşünas Əsəd Cahangir Yusif Səmədoğlunun yaradıcılığı, həmçinin “Qətl günü” romanı ilə bağlı geniş məruzə ilə çıxış edib, əsərin məziyyətləri haqqında maraqlı məlumatlar verib.

Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan əsər haqqında geniş məlumat verib, hazırda bu kimi əsərlərin təbliğinə böyük ehtiyacın olduğunu vurğulayıb. Hər iki məruzə iştirakçılar tərəfindən maraqla dinlənilib.

Tələbələr adından çıxış edən fakültənin Tələbə Gənclər Təşkilatının sədri Aysun Quliyeva tədbirin keçirilməsinə şərait yaratdıqlarına görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbir iştirakçılarını qazandığımız parlaq qələbələr münasibətilə təbrik edib, eyni zamanda, tədbirin xüsusi əhəmiyyətindən bəhs edib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunan tədbir tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close