Ali məktəb

Bakı Dövlət Universitetində Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş elmi-praktik konfrans

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş onlayn elmi-praktik konfrans keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə şəhidlərimizin və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin rektoru Elçin Babayev iştirakçıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı parlaq qələbə münasibətilə təbrik edib. O, ulu öndər Heydər Əliyevin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan təcrübəsi üçün uzaqgörən addımlar atdığına, insan və vətəndaş hüquqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən etməsinə diqqət çəkib. Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən danışan E.Babayev qeyd edib ki, BDU-nun Hüquq fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı hüquqşünas kadr yetişdirərək respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını kadrlarla təmin edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Allahverən İsmayılov çıxışında tarixən insan hüquqları və azadlıqları ilə bağlı vəziyyəti təhlil edərək hazırda bu sahədə həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyamız qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub, ölkədə insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində mütəmadi olaraq zəruri tədbirlər görülüb.

BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, DİN-in Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki Hikmət Eyvazov, Azərbaycan Respublikası Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, DİN-in Polis Akademiyasının Dövlət və hüquq nəzəriyyəsi kafedrasının rəisi, polis polkovniki Ceyhun Süleymanovun mövzu ilə bağlı çıxışları dinlənilib.

Sonra “İnsan hüquqları və informasiya-kommunikasiya texnologiyaları”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması, əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin hüquqlarının təminatı məsələləri”, “İnsan hüquqları standartlarının daxili işlər orqanlarının fəaliyyətində səmərəli təminatı”, “İnsan hüquqları müdafiəsində regional mexanizmlər”, “Köləliyə qarşı mübarizə və insan hüquqları”, “Qadın polis əməkdaşlarının əmək hüquqlarının təmin edilməsinin aktual məsələləri”, “Kiberfəzada cinayətkarlıqla mübarizə kontekstində insan hüquqları”, “Qadın hüquqlarının müdafiəsinin aktual problemləri” mövzularında məruzələr dinlənilib.

Məruzələrdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi, demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət, onun pozulması halları, qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının tam bərpası, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində mövcud qanunvericilik aktları, beynəlxalq standartlar, qadın hüquq və azadlıqları, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya, azadlıq və toxunulmazlıq hüququ, şəxsi həyata və ailə həyatına hörmət hüququ kimi məsələlər haqqında ətraflı məlumat verilib.

Konfransın moderatoru BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev son illər fakültədə nəşr olunan nüfuzlu elmi jurnalların sayının daha da artması, o cümlədən elmi müstəvidə əldə edilən uğurlardan bəhs edərək məruzəçilərə və magistrant-tələbələrə fəal iştiraka görə təşəkkür edib.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close