Ali məktəb

AzTU-da Vətən müharibəsində iştirak edən tələbə və məzunlarla görüş təşkil edilib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Vətən müharibəsində iştirak edən tələbə və məzunlarla onlayn görüş keçirib. Görüşdə tələbə və məzunların valideynləri və yaxınları da iştirak edib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor ötən il Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun apardığı 44 günlük müharibədə əldə olunan şanlı Qələbə münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu müharibə Azərbaycan Ordusunun gücünü bir daha dünyaya sübut edib. Bu qələbədə AzTU-nun tələbə və məzunlarının da rolunun olması qürurvericidir.

Rektor universitetin tələbələrinin vətənpərvərlik ruhunun hər zaman yüksək olduğunu xüsusi qeyd edib. Bildirib ki, bu günə kimi torpaqlarımızın azad olunması uğrunda gedən bütün döyüşlərdə tələbə və məzunlar yaxından iştirak ediblər.

V.Vəliyev Vətən müharibəsində iştirak edən və akademik borcları qalan bütün tələbə və məzunlara qanunvericiliyin tələbləri çərçivəsində universitet tərəfindən güzəştlərin olunacağını da diqqətə çatdırıb. Bildirib ki, Vətən müharibəsində iştirak edən tələbə və məzunlar üçün kompleks qayğı proqramı hazırlanıb və universitetin Elmi şurasında təsdiqlənib. Bu proqrama əsasən Vətən müharibəsində iştirak edənlərlə bağlı universitet tərəfindən müxtəlif layihələr həyata keçiriləcək.

Daha sonra AzTU-nun Tədris hissəsinin müdiri Qəmər İsayeva akademik borcları qalan tələbə və məzunlar haqqında məlumat verib, onlarla mütəmadi əlaqə saxlandığını diqqətə çatdırıb. Bildirib ki, onların hər birinin problemi ayrıca müzakirə olunub və həlli istiqamətində müvafiq qərar qəbul edilib.

Görüşdə tələbə və məzunları, eləcə də onların valideynlərini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close