Ali məktəb

Azərbaycan Turizm və Menecment Universiteti beynəlxalq əlaqələrini genişləndirir

On ildən çoxdur fəaliyyət göstərən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas məqsədi qeyri–neft sektorunun inkişaf etdirilməsini hədəfləyən ölkəmizin turizm sektoru və digər xidmət sahələri üçün beynəlxalq standartlara uyğun yüksəkixtisaslı, peşəkar kadrlar hazırlamaqdır. Təsadüfü deyil ki, ATMU fəaliyyətə başladığı ilk günlərdən özünün davamlı inkişaf istiqamətləri və prioritetləri müstəvisində xarici əlaqələrin genişlənməsinə, ali təhsildə beynəlmiləlliyə xüsusi önəm verir. Artıq 6 ildən çoxdur ATMU-nun tələbə və müəllim heyəti beynəxalq mübadilə proqramlarında fəal iştirak edir. Avropa İttifaqının “Erasmus+” və Türkiyənin “Mövlanə” mübadilə proqramlarında ATMU heyəti bu günədək uğurla iştirak edir.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, 2021–ci ilin ilk beynəlxalq əməkdaşlıq layihəsi isə məhz hər iki mübadilə proqramı çərçivəsində Türkiyənin Eskişehir Osmanqazi Universiteti ilə imzalanan əməkdaşlıq müqaviləsidir. Müqaviləyə əsasən turizm və biznes idarəçiliyi ixtisaslarında təhsil alan tələbələr beynəlxalq mübadilə proqramları çərçivəsində təhsil alacaq, eləcədə hər iki universitetin müəllim və professor heyəti müəllim mübadiləsi imkanlarından yararlana biləcəkdir. Beynəlxalq mübadilə proqramlarında birgə iştirakla yanaşı, ATMU ilə Eskişehir Osmanqazi Universiteti arasında ikili diplom layihəsinin də gerçəkləşdirilməsi qərara alınıb.

Qeyd edək ki, “Mövlanə” mübadilə proqramı çərçivəsində ATMU qardaş ölkənin qabaqcıl ali təhsil müəssisələri olan Qazi, Akdeniz, Ege, Sakarya, Kastamonu, İstanbul və Ankara universitetləri ilə tərəfdaşlıq müqavilələri imzalayıb. Bunun nəticəsində son dörd ildə 25 nəfərdən çox ATMU tələbəsi beynəlxalq təhsil proqramının imkanlarından yararlana bilib. Proqram çərçivəsində tərəfdaş universitetlərin professor – müəllim heyəti ATMU-da müxtəlif vaxtlarda fərqli ixtisaslar üzrə tədris aparıblar. Eyni təhsil imkanlarından istifadə ATMU-nun müəllim heyəti üçün də əlçatan olub. Bununla yanaşı, ATMU Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində Avropada fəaliyyət göstərən müxtəlif universitetlərlə qarşılıqlı əlaqələr quraraq öz tədris planını daha da inkişaf etdirə bilmək imkanı qazanıb. Bu beynəlxalq proqram çərçivəsində ATMU tələbələri İspaniya, Finlandiya, Rumıniya və Türkiyə universitetlərində müxtəlif ixtisaslar üzrə mübadilə tələbəsi kimi iştirakçı olublar. Tələbə mübadiləsi ilə yanaşı, müəllim mübadiləsi imkanlarından istifadə beynəlxalq proqram çərçivəsində universitetin qarşısına qoyduğu əsas istiqamətlərdən biri olub. Son illər ərzində ATMU ilə proqram daxilində əməkdaşlıq edən tərəfdaş universitetlər arasında xeyli sayda müəllim mübadiləsi həyata keçirilib. Ümumilikdə son 4 il ərzində 20–dən çox ATMU tələbəsi “Erasmus+” proqramı çərçivəsində tərəfdaş universitetlərdə təhsil alıb, 10 nəfərdən çox müəllim bu proqram vasitəsilə tərəfdaş universitetlərdə tədris aparıb.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close