Ali məktəb

Azərbaycan Texniki Universitetinin 70 illiyinə həsr olunan konfrans keçirilir

Azərbaycan Texniki Universitetinin (AzTU) 70 illik yubileyinə həsr olunan “Dördüncü Sənaye İnqilabının texnoloji perspektivləri: sənaye interneti, kiberfiziki sistemlər və intellektual texnologiyalar” mövzusunda ikigünlük konfrans işə başlayıb. Konfrans AzTU və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun təşkilatçılığı ilə keçirilir.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, yubiley təbriklərini çatdıran rektor Vilayət Vəliyev təhsil müəssisəsinin əsasının 1887-ci il noyabrın 10-da şəhər Duması tərəfindən Bakıda texniki məktəbin yaradılması ilə qoyulduğunu qeyd edib. 1918-ci ildə verilən qərara əsasən məktəb Politexnikum adlanıb. 1920-ci il noyabrın 14-də Bakı Politexnik Məktəbinin bazasında Bakı Politexnik İnstitutu yaradılıb. 1923-cü ildən Azərbaycan Neft İnstitutu, 1943-cü ilin noyabrından isə Azərbaycan Sənaye İnstitutu adlandırılıb.

V.Vəliyev qeyd edib ki, hazırkı AzTU 1950-ci ildə Azərbaycan Politexnik İnstitutu adı altında yaradılıb və 1975-ci ildə onun bazası əsasında Azərbaycanda iki yeni texniki ali məktəb təsis edilib. Bunlar İnşaat və Memarlıq Universiteti və Gəncə Texnologiya İnstitutudur.

Rektor vurğulayıb ki, Azərbaycan təhsilinin və elminin inkişafında AzTU-nun rolu böyükdür. Universitet texniki təhsilin, bu sahədə aparılan elmi-tədqiqat işlərinin və innovativ proseslərin mərkəzində dayanan ali təhsil müəssisəsidir. Universitetin məzunları həm keçmiş SSRİ dövründə, həm də bu gün ölkənin bütün sahələrində ən yüksək vəzifələrdə çalışırlar.

Universitetin hədəflərindən danışan rektor deyib ki, əsas məqsəd yaxın gələcəkdə AzTU-nu regionun ən aparıcı ali təhsil müəssisələrindən birinə çevirməkdir. Son dövrdə burada davamlı islahatlar aparılır. Əsas məqsəd tədqiqat istiqamətlərini daha da təkmilləşdirmək, innovativ proseslərə qoşulmaq və beləliklə tədrisin keyfiyyətini artırmaq, ixtisaslı kadr hazırlığını təmin etməkdən ibarətdir. Bunun üçün hazırda AzTU-nun Türkiyə və Almaniya universitetləri ilə əlaqələri genişləndirilir.

V.Vəliyev bildirib ki, universitetin yubileyinə ən böyük hədiyyə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı işğalçılardan azad etməsi və şanlı qələbəmizi qazanmağımız oldu. Bu münasibətlə təbriklərini çatdıran rektor AzTU-nun 200-dən çox tələbə və məzununun Vətən müharibəsində iştirak etdiyini xüsusi vurğulayıb.

İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev AzTU-da son illər görülən işlərə diqqət çəkib. Bildirib ki, universitetin qarşısına qoyduğu hədəflər onu dünya səviyyəli ali təhsil müəssisəsinə çevirəcək. Dördüncü Sənaye İnqilabının texnoloji perspektivləri də bu sahədə universitetin inkişafı üçün mühüm istiqamətləri özündə əks etdirir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib ki, Dördüncü Sənaye İnqilabında qarşıya qoyulan əsas vəzifə gənc kadr potensialının artırılmasıdır. Rektor universitetlərin hazırkı potensialının Dördüncü Sənaye İnqilabının tələblərinə cavab verən mütəxəssislər hazırlamaq baxımından yetərli olmadığını qeyd edib. O deyib ki, pandemiya şəraitində distant təhsilin tətbiqi, xaricdən müəllimlərin onlayn formada təhsilə cəlb edilməsi asanlaşdırıldığı üçün bu imkandan yararlanıb tədrisin keyfiyyətini artırmaq mümkündür.

Belarus Dövlət Rabitə Akademiyasının rektoru Andrey Zeneviç ötən il AzTU ilə əməkdaşlıq haqqında müqavilənin imzalandığını xatırladıb. Qeyd edib ki, görülən bu işlər iki ölkənin təhsilinin inkişafı məqsədilə atılan addımlardır.

Onlayn konfrans işini bölmə iclasları ilə davam etdirib.

Mənbə

Teqlər

Oxşar yazılar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close