Ali məktəb

Azərbaycan Təhsil Şəbəkəsinin əhatə dairəsi genişlənib

Ölkənin ən böyük korporativ internet şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinin əhatə dairəsi genişlənməkdədir.

“AzEduNet” şirkətindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ildə Azərbaycan Təhsil Şəbəkəsinə ölkə üzrə daha 292 təhsil müəssisəsi qoşulub. Bununla da şəbəkə ümumilikdə 4 min 164 təhsil müəssisəsini əhatə edir. Qeyd edək ki, ölkənin təhsil müəssisələri fiber optik, ADSL və 4G texnologiyaları əsasında şəbəkəyə qoşulur.

“Təhsil Sisteminin İnformasiyalaşdırılması Proqramı” çərçivəsində “AzEduNet” şirkəti ölkə ərazisində bütün təhsil müəssisələrinin vahid korporativ şəbəkəyə birləşdirilməsi ilə yanaşı, onları təhlükəsiz internet rabitə kanalı ilə təmin edir. Hazırda şəbəkəyə qoşulmuş təhsil müəssisələrində müasir təhsil sisteminin bütün tələblərinə cavab verən “Cisco Systems” şirkətinin “Umbrella” xidməti tətbiq edilir. Bu, bulud təhlükəsizliyi sistemi olmaqla bütün təhsil sisteminin internet rabitə kanallarını zərərli trafikdən təmizləyir.

Qeyd edək ki, Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirir. Şəbəkənin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, internet şəbəkəsinin qurulması və internet üzərindən rabitənin (İP telefoniya, videokonfrans) təşkili, təhsil müəssisəsində videomüşahidə xidmətinin qurulması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close