Ali məktəb

Azərbaycan müəlliminin layihəsi mükafata layiq görülüb

Layihə Milli Keyfiyyət və Avropa Keyfiyyət nişanlarına layiq görülüb

 Son illər Təhsil Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə bir sıra layihələr həyata keçirilir ki, bunlardan biri də “eTwinninq” layihəsidir.  Bəs, “e Twinninq” layihəsi nədir?

“eTwinning” Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.

Qeyd edək ki, Azərbaycan 2013-cü ildən Avropa İttifaqının qonşuluq siyasətinə əsasən eTwinning Plus layihəsinə üzv olmuşdur. Layihə  2017-ci ildən Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil Sistemlərinin İnfromasiyalaşdırılması İdarəsi tərəfindən icra olunur.

Artıq bir neçə ildir ki, Azərbaycan müəllimləri, şagirdləri layihə çərçivəsində bir çox ölkələrin iştirak etdiyi müsabiqələrdə uğurlu nəticələr əldə edir. Bakı Avropa Liseyinin müəllimi “Əməkdar müəllim”, “eTwinning”-in Azərbaycandakı səfiri Mətanət Əhədova da qalib layihə müəlliflərindəndir. Belə ki, “Microsoft” eksperti olan M.Əhədovanın “The Champion of the World” layihəsi “eTwinninq” mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilərək qalib olub.

“The Champion of the World” layihəsi

Layihə 2019-cu ildə yaradılıb. Müəllifləri Azərbaycandan Mətanət Əhədova, Ruminiyadan isə Karmen Butasiudur. Layihədə 12 ölkədən – Azərbaycan , Rumıniya, Türkiyə, Ukrayna, Xorvatiya, Portuqaliya, Şimali Makedoniya, Litva, Albaniya, İtaliya və Moldovadan 32 müəllim və 300-ə yaxın şagird iştirak edib. Layihənin yaradıcısı və ideya rəhbəri Bakı Avropa Liseyinin ingilis dili müəllimi Mətanət Əhədovadır.

Layihənin ideyası məşhur ingilis uşaq yazıçısı Roald Dahlın “ Danny – the Champion of the World” əsəri əsasında qurulmuşdur.

Layihənin əsas məqsədi şagirdlərdə mütaliə, oxu vərdişləri yaratmaq, araşdırma və tənqidi bacarıqları aşılamaq, gənclərdə ədəbiyyata, mütaliəyə sevgi və həvəs artırmaq, onlarda İKT bacarıqlarını inkişaf etdirməkdir.

Layihə çərçivəsində şagirdlər R.Dahlın “ Danny – the Champion of the World”  (Danni – Dünya Çempionu) əsərini orijinalda (ingilis dilində) mütaliə, əsərin qəhrəmanlarını və hadisələrini təhlil etmişlər. Bundan başqa şagirdlər müxtəlif onlayn diskussiya və müzakirələrdə iştirak edərək əsərin illustrasiya müsabiqəsini keçirmiş, əsərə aid onlayn oyunlar yaradaraq müxtəlif ölkələrdən olan uşaqlarla yarışlarda iştirak etmişlər. Hər ölkə əsərin hissələrini öz ana       dilinə tərcümə edib,  əsəri tamaşalaşdırıb, uşaq hüquqlarına aid UNİCEF petisiyasında iştirak edib. 

Eyni zamanda layihənin bloqu, vebsaytı, onlayn kitabxanası yaradılıb, valideyinlərə və uşaqlara müracətlər hazırlanıb. Şagirdlər inşa yazmaq, əsərin qəhramanlar xəritəsini düzəltmək və s. tapşırıqları uğurla yerinə yetiriblər.

Pandemiyanın başlanması, iştirakçıların çoxluğu layihənin müvəffəqiyyətlə davam etməsinə və sona qədər aparılmasına mane olmayıb. Layihə qarşılıqlı əməkdaşlıq, dostluq və müştərək şəraitdə 2020-ci ilin iyun ayında bitib. Sentyabr ayında  Milli Keyfiyyət və Avropa Keyfiyyət nişanlarna layiq görülüb. Bu ilin fevral ayında isə layihə gənclərdə ədəbiyyat və mütaliəyə sevgi və həvəs yaratdığına görə  eTwinning -in xüsusi “Peyo Yavorov” adına mükafatına layiq görülüb.

“Ölkəmizi və təhsilimizi dünyada uğurla təmsil etdiyimə görə fəxr edirəm”

Layihənin müəllifi Mətanət Əhədova “eTwinninq” layihəsinin əhəmiyyətindən, bu layihədə iştirakından söhbət açıb: “2013-cü ildən eTwinning-ə qoşulmuşam. 73 layihədə iştirak etmişəm və onlardan 12 layihənin müəllifiyəm. 18 layihəyə görə həm Avropa, həm də Milli keyfiyyət nişanı, 5 layihəyə görə isə Milli keyfiyyət nişanı almışam. “eTwinning”də iki dəfə Avropa mükafatına layiq görülmüşəm. 2017-ci ildə “ Young Scientists”,  2021-ci ildə isə  “The Champion of the World”  layihələrim qalib layihələrdəndir.  Beynəlxalq və milli konfransların iştirakçısiyam. “eTwinning”in 4 layihə səfirindən biriyəm.

Onu da deyim ki, cari ildə “eTwinning” layihəsi çərçivəsində ölkələr üzrə ümumilikdə 118 mindən çox layihə mükafatlandırmada iştirak edib. 870 layihə Avropa Prizinə nominant olub. Onlardan yalnız 8 layihə Avropa Mükafatına layiq görülüb. Bu 8 layihə arasında Azərbaycanın “The Champion of the World” layihəsinin də olması bizə xüsusi qürur hissi verir. Ölkəmizi və təhsilimizi dünyada uğurla təmsil etdiyimizə görə fəxr edirəm”.

Bakı Avropa Liseyi iki dəfə “Avropa Məktəbi” adına layiq görülüb”

Mətanət Əhədova çalışdığı məktəbin-Bakı Avropa Liseyinin iki dəfə Avropa Məktəbi adına layiq görüldüyünü də sözlərinə əlavə edib: “Layihədə işləməyim mənə Avropanın müxtəlif ölkələrindən olan müəllimlərə eyni komandada olmaq şansı yaratdı. Bundan başqa layihə bizə müxtəlif ölkələrdən olan həmkarlarla əməkdaşlıq və fikir mübadiləsi aparmağa, şagirdlərimi bu əməkdaşlığa cəlb etməyə, onlarda mütaliəyə maraq oyatmağa, xarici dildə danışmaq və fikir yürütmək bacarıqları aşılamağa şərait yaratdı”.

Niyazi RƏHİMOV/Azərbaycan müəllimi

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close