Ali məktəb

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan rektor Kamal Abdulla universitetin Qafqazşünaslıq kafedrasının erməni dili üzrə əməkdaşı Aydın Eyvazovun Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edildiyini xatırladıb. Rektor deyib: “Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı möhtəşəm qələbə haqqında həmişə danışılacaq və bu qələbə heç vaxt unudulmayacaq. Aydın Eyvazovun “Azərbaycan bayrağı” ordeni ilə təltif edilməsi şərəfli zəhmətin bəhrəsidir. Biz universitet adından ona böyük təşəkkür və minnətdarlığımızı bildiririk. Bu mükafatlandırma onu göstərir ki, erməni dilinin öyrənilməsi və tədrisi ilə bağlı gördüyümüz işlərin mühüm əhəmiyyəti var”.

2020-2021-ci tədris ilinin ikinci yarısında ADU-nun kollektivi qarşısında duran əsas vəzifələrdən danışan Kamal Abdulla deyib ki, yeni şərait, koronavirus pandemiyası dövrü və ondan sonrakı mərhələ yeni baxışlar, yeni yanaşma tələb edir: “İndiki mərhələdə və postpandemiya dövründə nəyi necə etmək yüksək şəxsi məsuliyyət tələb edən məsələdir. Pandemiya dövründə biz təhsilə yeni yanaşmanın şahidi olduq, bu, artıq başqa mərhələ, başqa mədəniyyətdir. Biz bu dövrdə tələbələrlə işləməyin yeni xüsusiyyətlərini tapdıq və bu iş sürətlə davam, inkişaf etdirilməlidir. Şəxsi məsuliyyət isə xüsusi vacib amildir”.

“Müstəqillik dövründə ingilisdilli, fransızdilli, almandilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazı” kitabının hazırlanması haqqında danışan rektor qeyd edib ki, bu iş Azərbaycan ictimaiyyəti, elmi, diplomatiyası üçün vacibdir. Üç hissədən ibarət layihənin artıq birinci mərhələsi başa çatmaq üzrədir.

Ali təhsil ocağının rəhbəri Qarabağ məktəbləri ilə bağlı aparılan əvvəlki işlərin hər gün artan templə davam etdirilməsinin vacibliyini vurğulayıb: “Biz Qarabağdakı məktəblərlə öz işimizi sıx və ciddi quracağıq. Bizim qaçqın məktəbləri ilə ünsiyyətimiz çox böyük maraqla qarşılandı və şagirdlər üçün faydalı oldu. Elə əvvəllərdə olduğu kimi, indi də o məktəblərdə dərs deməklə işimizi bitmiş hesab etməməliyik. O məktəblərə mədəni, elmi axın olmalıdır. Necə ki, əvvəlki illərdə biz bunu etmişik. Bundan sonra bu istiqamətdə səylərimizi və gücümüzü daha da artırmalıyıq”.

Daha sonra ADU-nun 2021-ci il üçün struktur və kadr islahatları haqqında Struktur və kadr islahatına dair komissiyanın sədri, elmi işlər üzrə prorektor, professor Novruz Məmmədov çıxış edib. Novruz Məmmədov Elmi-Tədqiqat Mərkəzinin və Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin yaradılmasının, uyğun kafedraların işinin daha səmərəli təşkil olunmasının vacibliyindən danışıb.

ADU-nun strateji inkişaf planından bəhs edən tədris işləri üzrə prorektor, professor Sevinc Zeynalova bildirib ki, bu məqsədlə açıq işçi qrupu yaradılıb, qrup öz fəaliyyətini səmərəli şəkildə qura bilib və yaxın zamanlarda yeni inkişaf planı kollektivə təqdim olunacaq. İşçi qrupu bütün təklifləri qiymətləndirməyə və müzakirəyə açıqdır.

2020-2021-ci tədris ilinin qış imtahan sessiyası haqqında Biliyin qiymətləndirilməsi, monitorinq və keyfiyyətin təminatı şöbəsinin müdiri Fatma Qurbanzadə məlumat verib. O qeyd edib ki, hazırkı qış imtahan sessiyasında tələbələrin 99 faizi iştirak edib. Qeyri-kafi alan tələbə yoxdur. İmtahanlara universitetin məsul şəxsləri birbaşa nəzarət edir, indiyədək hər hansı pozuntuya rast gəlinməyib. İmtahanların gedişinə nəzarət məqsədilə yaradılmış Operativ Qərargaha indiyədək şikayət daxil olmayıb. Əvvəlki imtahan sessiyaları vaxtı kəsiri yaranmış tələblərin təkrar imtahan verməsinə şərait yaradılır.

ADU-nun beynəlxalq əlaqələri və ikili diplomlar haqqında məruzə ilə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova bu istiqamətdə əldə edilən uğurlardan danışıb. Xatırladıb ki, məhz bu sahədə ADU Azərbaycanda bir sıra yeniliklərə imza atıb. Bununla belə təkcə bu uğurlarla kifayətlənmək olmaz, yeni uğurların qazanılması üçün müzakirələrə və əlavə tədbirlərə müəyyən ehtiyac var.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close