Ali məktəb

Azərbaycan Dillər Universitetində seminar: Nizami Gəncəvi “Xəmsə”sində Çinin obrazı

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi “Xəmsə”sində Çinin obrazı” mövzusunda onlayn seminar keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb. O, Prezident İlham Əliyevin Çaoyanın ən böyük parklarından birində qoyulmuş Nizami Gəncəvinin büstünün müəllifi, heykəltəraş Yüen Sikunu Azərbaycan və Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif etdiyini vurğulayıb. R.Abbasov Nizami Gəncəvinin ölməz “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarında dəfələrlə Çini xatırlatdığını, çinlilərin obrazlarını yaratdığını, Çin ipəyi, naxışları, gözəlliyi ifadələrindən istifadə etdiyini söyləyib. Professor dahi şairin Çin rəsmini, poladdan dəbilqələri, bu xalqın gözəlliyini, zəkasını və cəsarətini yüksək qiymətləndirdiyini də qeyd edib. Vurğulanıb ki, şair çinlilərə böyük məhəbbət bəsləyib.

ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Nizami Gəncəvinin “Xəmsə”sindəki epizodlardan, İsgəndərin Çinə yürüşü, Çin xaqanı ilə yazışmalarından, Mani rəssamı haqqında xaqan əfsanəsindən, Bəhramın Sarı sarayda Çin (Türküstan) şahzadəsi Yağmanazla söhbətlərindən danışıblar.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close