Ali məktəb

ADU-nun Konfutsi İnstitutu Beynəlxalq Çay Gününə həsr olunmuş tələbə seminarı keçirib

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu Beynəlxalq Çay Gününə həsr olunmuş onlayn tələbə seminarı keçirib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda kənd təsərrüfatı sahəsində Azərbaycan-Çin əməkdaşlığının perspektivlərindən söz açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bu əməkdaşlığın xüsusilə Azərbaycan çayının inkişafı baxımından əhəmiyyətini qeyd edib.

O, Azərbaycan Respublikasının iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatı sektorunda islahatlar aparılması sahəsində ümummilli lider Heydər Əliyevin təşəbbüslərini xatırladıb. Qeyd olunub ki, 1970-1982-ci illərdə ölkədə çayın həm maddi, həm də texniki bazası yaradılıb. Bu illərdə istifadəyə verilmiş “Xanbulançay”, “Viləşçay” kimi dəryaçalar məhz çayçılığın inkişafı üçün tikilmişdi.

Bildirilib ki, ixrac potensialının artırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi xüsusi önəmə malikdir.

R.Abbasov Çin çayının ən qədim növü sayılan Puerin ölkənin daxili bölgələrindən Tibetə, daha sonra Qərbə nəql edilməsi, karvan yollarının bir hissəsi olan “Qədim çay yolu” haqqında danışıb. O, Konfutsi İnstitutunun əməkdaşlarının Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Beynəlxalq Kulinariya Günü münasibətilə keçirilən II beynəlxalq çay festivalında iştirak etməsini diqqətə çatdırıb, Çin və Azərbaycan çay ənənələrinin milli mədəniyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Azərbaycan və Çinin çay mədəniyyəti, bitkiçiliyin quruluşu və inkişafı, eləcə də çayla bağlı əfsanələr, çay növlərinin xüsusiyyətləri barədə məlumat verib.

Seminarda Prezident İlham Əliyevin Lənkəranda çay fabrikinin açılış mərasimində iştirakı, Azərbaycan və Çinin çay mədəniyyəti haqqında videogörüntülər nümayiş olunub.

Mənbə

Teqlər

Oxşar yazılar

Back to top button
Close