Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) monitorinq imtahanları keçirəcək

tqdk (1)Aprelin 23, 24 və 25 –də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli fərmanına müvafiq olaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirəcək.

İmtahanlarda XI siniflər üzrə 28205 şagirdin, V siniflər üzrə isə 7772 şagirdin imtahan verəcəyi nəzərdə tutulmuşdur. 304 məktəbdə baş tutacaq imtahanı idarə etmək üçün 234 imtahan rəhbəri ayrılmışdır.

Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri aprelin 23 – də Azərbaycan dilindən, aprelin 24 – də riyaziyyatdan, aprelin 25 – də isə fizika fənnindən imtahan verəcəklər. İmtahan bütün binalarda saat 10:00-da başlanacaqdır.

Azərbaycan dili fənni üzrə sualları cavablandırmaq üçün şagirdlərə 45 dəqiqə, fizika və riyaziyyat fənləri üzrə ayrılıqda 60 dəqiqə vaxt veriləcəkdir. XI siniflərin monitorinq imtahanında suallar ənənəvi – çoxseçimli test tapşırığı formasında təqdim olunacaq. Hər fənn üzrə şagirdlərə imtahanda 30 sual təqdim olunacaq.

Qeyd olunan şəhərlərdə Azərbaycan bölməsinin V sinif şagirdləri aprelin 23 –də Azərbaycan dilindən, aprelin 24-də isə riyaziyyat fənnindən imtahan verəcəklər. Rus bölməsinin V sinif şagirdləri isə aprelin 24-də riyaziyyat, aprelin 25-də rus dili fənnindən imtahan verəcəklər. İmtahan bütün binalarda saat 12:00-da başlanacaqdır.

Ana dili imtahanında şagirdlərin bacarığı həm açıq tipli test tapşırıqları ilə, həm də yazı işi ilə yoxlanacaqdır. Belə ki, 1 saat 30 dəqiqə ərzində şagirdlər 20 açıq tipli test tapşırığı ilə yanaşı təqdim olunacaq mövzu üzrə yazı işləri də yerinə yetirəcəklər. Riyaziyyat fənni üzrə isə şagirdlərə 18 açıq tipli test tapşırığı təqdim olunacaq. Bu imtahanın da müddəti 1 saat 30 dəqiqədir.

Qeyd edək ki, cari ildə monitorinq imtahanları respublikanın 29 bölgəsini əhatə etməklə ümumilikdə 722 orta ümumtəhsil müəssisəsində keçiriləcəkdir

Xatırladırıq ki, orta ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən hər hansı ödəniş tələb olunmur.

Comments are closed.