Növbəti tədris ilində 5 ali, 13 orta, 12 peşə və 11 ümumtəhsil müəssisəsi akkreditasiyadan keçiriləcək

Azərbaycanda 2012-2013-cü tədris ilində akkreditasiya olunacaq təhsil müəssisələrinin siyahısı hazırlanıb. Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyevin APA-ya verdiyi məlumata görə, növbəti tədris ilində Azərbaycanda 5 ali təhsil, 13 orta ixtisas təhsili, 12 peşə təhsili və 11 ümumtəhsil müəssisəsinin akkreditasiyası həyata keçiriləcək. Onun sözlərinə görə, təhsil müəssisələrinin akkreditasiyasına oktyabr ayının sonlarında start veriləcək. Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin akkreditasiyası keçirilir. Bu tədris ocaqlarının akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda Quba Dövlət Sosial-İqtisadi Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Neft-Energetika Kolleci və Bakı Sənaye-Pedaqoji Kollecinin akkreditasiyası keçirilib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, nazirlikdə Akkreditasiya Şurasının iclası keçirilib və nəticələr müzakirə olunub. Akkreditasiya Surasının iclasında qeyd olunan kolleclərin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və bu təhsil ocaqlarının müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

Comments are closed.