Hesablama Palatasının ADU-da aşkarladığı nöqsan və pozuntularla bağlı sənədlər Respublika Prokurorluğuna göndərilib

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov Hesablama Palatasının universitetdə keçirdiyi yoxlamaların nəticələri ilə bağlı Respublika Prokurorluğuna müraciət edib. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilin may ayında S.Seyidovun təşəbbüsü ilə Hesablama Palatasına universitetdə müvafiq yoxlamaların aparılması məqsədilə müraciət olunub və müvafiq rəsmi məktub göndərilib. Məktub əsasında Hesablama Palatası ADU-nun müvafiq qurumlarında yoxlamalar aparıb və bu zaman öz işini işgüzarcasına həyata keçirib. Hesablama Palatasının göndərdiyi təftiş qrupu ADU-ya ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə mövcud vəziyyəti araşdırıb, universitetin maliyyə işlərində nöqsanlar, çatışmazlıqlar, mənimsəmə və pozuntu hallarının olduğunu müəyyən edib. Təftişin nəticələri haqqında hesabat ADU-nun rektoruna təqdim olunub. Rektor hesabatla tanış olduqdan sonra öz izahatında göstərilən nöqsanların və pozuntuların üzə çıxarılmasını vacib hesab edərək, daha ciddi araşdırmaların aparılmasını məqsədəuyğun hesab edib. Bu məqsədlə müvafiq materiallar Respublika Prokurorluğuna göndərilib. “Biz inanırıq ki, yol verilmiş nöqsan və pozuntulara görə cavabdeh şəxslər aşkar olunacaq, bununla bağlı lazımi tədbirlər görüləcək və məsələlərə aydınlıq gətiriləcəkdir” – deyə məlumatda bildirilir.

Comments are closed.