Gənclərə psixoloji yardım

Əgər əhvalın korlanırsa, iştahın və yuxun pozulursa, sevdiyin iş artıq səni bezdiribsə və situasiya 2 həftədən artıq davam edirsə, onda psixoloqa müraciət etmək lazımdır, – qeyd olunan əlamətlər insanın depressiyaya düşə biləcəyindən xəbər verir. Bunu peşəkar psixoloq, Gənclər üçün Krizis Xətti layihəsinin koordinatoru Aysel Babayeva deyir.

Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən bu layihə 6 ildir ki “İnkişaf Naminə Təşəbbüs” İB tərəfindən icra olunur. Aysel Babayeva deyir ki, hər il real olaraq təxminən 50-60 nəfəri intihar fikrindən döndərə bilirik. Söhbətimizə də elə bu məsələdən – gənclər arasında intiharların yayılması səbəbindən başlayırıq:

– Krizis Xəttinə müraciət edənlər sırasında intihar həddinə çatanlara çox rast gəlinir?
– Statistika göstərir ki, intihar hallarının 90%-i depressiyadan doğur. Belə bir yanlış təsəvvür var ki, insan suisid haqqında danışırsa, deməli, intihar edəcək. Əslində, insan zəng vurub bunu psixoloqa deyirsə, deməli, o, xilas olmaq istəyir, kimdənsə yardım umur. Belə insanları uçurumdan çıxarmaq mümkündür.
Məqsədimiz psixoloji böhranda olan gəncləri qısa zamanda düşdüyü vəziyyətdən çıxarmaqdır. Bu praktikanın  üstünlüyü zənglərin pulsuz və anonim olmasındadır. Krizis Xəttinin 15 işçisi tanınmış psixiatrların keçirdiyi beynəlxalq təlimlərdə iştirak edib, bir çox situasiyada zəng vuran insanla necə davranmağı öyrəniblər. Amerikanın İllinoys Universitetinin proqramı əsasında Azərbaycana uyğun təlim proqramı hazırlanıb. 
– Altı il ərzində neçə insan xidmətdən yararlanıb? Ümumiyyətlə, bir insana psixoloji kömək etmək üçün onunla telefonda nə qədər söhbət etməli olursunuz? 
– Bu müddət ərzində 25 mindən çox  zəng daxil olub, orta hesabla ayda 400-450 zəng qəbul edirik. Zənglərin 89%-i 14-29 yaş arasında, 1%-i 14 yaşdan aşağı, 10%-i isə 29 yaşdan yuxarı olan insanlar tərəfindən edilir. Zəng edənlərin 80%-ni qadınlar təşkil edir. Problemin dərəcəsindən asılı olaraq zənglərin müddəti müxtəlif olur. Biz öz aramızda problemləri dörd əsas qrupa ayırırıq. Birincisi, konsultativ zənglərdir. Bu zaman bizimlə əlaqə yaradan insan depressiyada olmur, fobiyası yoxdur, sadəcə hansısa məsələdə məsləhət lazımdır. Məsələn, bəzən abituriyent zəng edir ki, mən bilmirəm qəbul imtahanında 2-ci qrupa sənəd verim, ya 3-cü qrupa. Bu vəziyyət də onda stress vəziyyəti yaradır. Biz müəyyən alqoritmlər vasitəsilə alternativ variantları onlara təqdim edirik.
– Bəs, sonradan sizi “pis yol göstərməkdə” ittiham etmirlər ki?  
– Biz yalnız onlara başqa seçim yollarının olduğunu göstəririk, seçimi insanın özü edir. Heç kimin həyatına müdaxilə etmirik, sadəcə onlara görə bilmədikləri tərəfini də göstərməkdə vasitəçi oluruq. Bəzən bizim sualları cavablandırandan sonra gənclər deyirlər ki, “Mən indiyə kimi bu tərəfini düşünməmişdim”. Bəzən elə olur ki, insan hansısa məsələ ilə bağlı valideynlərindən, rəfiqəsindən məsləhət istəyir. Amma hər kəs bu məsələyə öz prizmasından yanaşır. Kənarda olan psixoloq isə gəncin özünün qərar çıxarmasında yardımçı olur. 
– Yəqin ki, hansısa hallarda sadəcə məsləhətlə iş bitmir?
– Əlbəttə, ikinci qrup zənglərimiz var ki, onları “Böhrana müdaxilə” adlandırırıq. Bu cür pasiyentlər artıq depressiya, posttravmatik stress, kəskin stressdə və s. olurlar. Özü də bu hal onlarda dünən, srağagündən yaranmayıb, həftələrlə və ya aylarla davam edir. Bəzən belə şəxslərlə 45 dəqiqə söhbət edirik. Sonra xahiş edirik ki, 1 həftədən sonra  yenə zəng etsinlər, dəfələrlə söhbət edirik, sanki seansa gəlirlər. Hətta elə gənc olur ki, konkret psixoloqun iş qrafikini soruşur, ancaq onun növbəsində zəng edir, çünki artıq bu psixoloqa inamı yaranmış olur. Və eyni zamanda da gənc artıq bir psixoloqla problemini bölüşmüş olur, yeni bir psixoloqla problemini yenidən bölüşməyə ehtiyacı olmur. Fikrimcə, bu da bizim uğurumuzdur. 
Üçüncü tip zənglərimiz “istiqamətləndirmə” adlandırılır. Bu hallarda xəstənin vəziyyəti o qədər gərgin olur ki, burada yalnız psixoloq köməyi ilə kifayətlənmək olmaz. Nevroloji dispanser, Uşaq Reabilitasiya Mərkəzi, Psixi Sağlamlıq Mərkəzi ilə əməkdaşlıq edirik, gənci həmin yerlərə yönləndiririk. Çox az qisim zənglər isə yalnız maarifləndirmə xarakterlidir, Krizis Xətti haqqında məlumat istəyirlər. Mən “New Baku Post” qəzeti vasitəsi ilə bütün gənclərə müraciət edib onlara demək istəyirəm ki, hər hansı bir psixoloji problem sizi narahat edirsə, (012) 510-66-36 nömrəsi vasitəsilə tam pulsuz və anonim şəkildə mütəxəssislərdən yardım ala bilərsiniz.
– Bu gün psixi pozuntular arasında ən geniş yayılan xəstəlik doğrudanmı depressiyadır?  
– Elədir. Və bu vəziyyət bütün xəstəliklərlə yanaşı inkişaf edə bilər. Yaxşısı odur ki, depressiya tez müalicə olunan xəstəlikdir. Depressiyanın səviyyəsindən asılı olmayaraq biz gənclərə öz vəziyyətlərini izah edirik, depressiyanın ağır forması olduğu halda digər mütəxəssislərə də ehtiyacı olduğunu anladırıq. Onu da deyim ki, ildə iki dəfə depressiyaya düşənlərin sayı çoxalır – payıza və yaza keçid ərəfəsində. Bu dövrdə orqanizmdə oyanma baş verir, psixi pozuntuların əksəriyyəti də bu dövrə təsadüf edir. 
Depressiyaya düşmə səbəblərinə gəlincə, birinci yerdə, əlbəttə şəxslərarası  münasibətlər durur. İkinci yerdə ailədaxili konfliktlər, sonra təhsil və səhhətlə bağlı məsələlər, nəhayət, psixoaktiv (alkoqol və narkotik) maddələrdən istifadə ilə bağlı problemlər gəlir. 
Bəzən kimsə özünü 2 gün pis hiss edir, zəng edir ki, depressiyadayam. Halbuki bu insan nəyəsə görə kəskin stress altındadır, o durum aradan qalxan kimi vəziyyəti də düzələcək. Amma elə də olur ki, insan dərin depressiyadadır. Amma bunu etiraf etmək istəmir. İnsan daimi stress altında yaşasa, depressiyaya, fobiyaya, psixoza və s. çevrilə bilər. 
– Gənclər təşkilatlarının sərgisində kütləvi şəkildə gənclərin depressiya səviyyəsini ölçmüsüz? Nəticələr necə olub?
– Hələlik nəticələr kodlaşdırılmayıb. Amma bu testlərə maraq çox böyük oldu, 3 gün ərzində 1000-dən çox insan testdən keçdi. Testlər depressiya və təşviş səviyyəsini ölçməyə kömək edir. Axı, 20%
hallarda, xüsusilə də adekvat müalicə olunmayan hallarda, depressiya xroniki xəstəliyə çevrilir və remissiya olmadan keçir. Ağır depressiyadan əziyyət çəkən şəxslərin 15-20%-i həyatlarına intiharla son  qoyur.
Bakupost.az

Comments are closed.