Bu gündən ali məktəblərə qəbul imtahanları ilə bağlı müraciətlərə Apellyasiya Komissiyalarında baxılacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən ali məktəblərə qəbul imtahanları ilə bağlı müraciətlərə Apellyasiya Komissiyalarında baxacaq.

TQDK-nın mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, vətəndaşlar iyulun 20-də keçirilən I qrup imtahanları üzrə iyulun 23-də, iyulun 27-də keçiriləcək IV qrup imtahanları üzrə iyulun 30-da, avqustun 3-də keçiriləcək II qrup imtahanları üzrə avqustun 6-da müraciət edə bilərlər. Digər müraciətlərə avqustun 6-dan 8-dək baxılacaq. Apellyasiya Komissiyaları TQDK-da yalnız göstərilən tarixlərdə edilmiş müraciətlərə baxacaq.

Komissiyanın məlumatında qeyd edilib ki, ali təhsil müəssisələrinə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Əhalinin heç bir sosial qrupuna güzəşt nəzərdə tutulmur. Apellyasiya Komissiyalarının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmayacaq.

Xatırladaq ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Apellyasiya Komissiyaları yaradılıb.

Comments are closed.