Home » Orta Məktəb »
Misir Mərdanov orta məktəblərdə təhsilin 12 il olacağından danışıb
Təhsil Nazirliyi “repetitorluğa qarşı” addımlar atmağı düşünür. Azərbaycanda orta təhsil müddəti bir il artırıla bilər. Təhsil naziri Misir Mərdanov düşünür ki, bunun vasitəsilə “bu gün Azərbaycan cəmiyyətində çox ciddi problem olan repetitorluğun qarşısına müəyyən bir sədd çəkilə” biləcək. APA xəbər verir ki, Mərdanov 12 illik təhsilə keçilərsə, bunun on ilinin icbari olacağını deyib:
“Yaxşı müəllimlər məktəbi atıb, gedib repetitorluq edirlər”
Misir Mərdanov, təhsil naziri- “Qalan 2 illik təhsili isə şagirdlər əsasən, ali məktəblərə gedərkən verəcəkləri qəbul imtahanları üzrə hazırlaşacaqlar”. Nazirin fikrincə, repetitorluq “təhsilə, müəllimlərə və millətə ziyan gətirir”: “Yaxşı müəllimlər məktəbi atıb, gedib repetitorluq edirlər”. Təhsil rəsmisi onu da bildirib ki, dünyanın 90 ölkəsində tətbiq olunan sistemin bizdə də olması üçün “Təhsil haqqında” qanun dəyişilməlidir.
Repetitor fikri
Fuad Şahbazov universitetə daxil olmaq üçün həm repetitor yanına gedib, həm də repetitor kimi çalışıb. BBC Azərbaycancaya müsahibəsində bildirir ki, əslində repetitorluq “ciddi problem” deyil. “Bütün dünya ölkələrində bu tip sistem var, repetitorun rolu vacibdir. Türkiyədə, Baltikyanı ölkələrdə, Yaponiyada və Avstraliyada kolleci bitirən gənclərə yardım və istiqamət göstərmək üçün xüsusi repetitor hazırlıq mərkəzləri mövcuddur”.
Şahbazov deyir ki, bizdə bu problem ifrata varıb:
“Türkiyədə, Baltikyanı ölkələrdə, Yaponiyada və Avstraliyada kolleci bitirən gənclərə yardım və istiqamət göstərmək üçün xüsusi repetitor hazırlıq mərkəzləri mövcuddur”
“Bizim gənclər üçün repetiror lap vacibdir, çünki 11-ə çatan uşaqda “Dərsə getməyim”- deyə psixi durum əmələ gəlir”. Həmçinin “müəllimlərin də uşaqlara biznes vasitəsi kimi baxdığını” deyir Şahbazov: “Yanıma gələr hazırlaşar prinsipi ilə yanaşırlar gənclərə”. Onun fikrincə, nazirlik təhsili 12 illik etməkdənsə, uşaqların məktəbə olan marağını artırmalıdır.
“Bunun qarşısını alsalar belə, yenə də repetitor bir müddət lazım olacaq.”

3 Şərh
Ay Misir müəllim uşaqlar heç 11 ili zorla oxuyurlar 12 ili nece youyacaqlar. 11 il de yox düz 9-cu sinife qeder oxuyurlar.
Burdan bütün təhsil işcılərini salamlayıra. O üzdən Cəbrayıl rayon M.Qorki adına məktəbin bütün müllim heyyətini. Beli dərs o iller idi. İndi dərs kecirilmir. Hamı evdə maraq güdür tələbə yığımı ilə əlaqədar. Evdə tələbə hazırlığına son qoyulmas bizim bu uşaqlarda birlik olmayacaq. Gənclər qrup şəklindədirlər. Təşkilatcılıq yox. Məktəblərdə hec bir Olimpiadalar, yarışlar, və s…. rast gəlmirik. Valideyinlər işləyir pullarda ki müəllimlərin cibində bəlkə uşaq bir məktəbə girsin deye gecəni gündüzə qatırlar. Kimi 100 manata kimi 50 manata kimisə 25 manata müəllim yanına gedir. Maaş nə qədərdi bu haqda düşünürükmü. Aldığımız məvacib catmır uşaqların hazırlaşmasına
Mən bir vətəndaş olaraq bildirmək istəyirəm ki, 12 illik bizim uşaqlar üçün deyil. Bizim uşaqların dərs bacarıqı müəllimlərin evindədədir. Onlar məktəb tərbiyyəsi görmürlər. Məktəbin abu havasını hiss etmirlər. Məktəbin bizə verdiyi etika qaydalarından xəbərləri yox. Ona görədə indiki gənclər istər evdə istersədə ali məktəbdə, cöldə harda olurlarsa olsunlar onlar məktəbin o ciddi nizam intizamını görməsələr getdikcən cətin olacaq. Məktəb bizim həyata, vətənə, sevgi verən bir ocaqdır.